10–13 iyun tarixlərində UNESCO-nun mənzil-qərargahında “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası”na tərəfdaş ölkələrin 10-cu sessiyası keçirilib.

Sessiyanın ilk günü Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkəmizin milli bəyanatını səsləndirib. O, Azərbaycanın konvensiyanın dəyər və prinsiplərinə sadiqliyini vurğulayaraq ölkəmizin silahlı münaqişələr və təbii fəlakətlər zamanı qeyri-maddi mədəni irsin qorunmasına töhfə verdiyini bildirib.

Ermənistan tərəfindən maddi və qeyri-maddi mədəni irsimizin dağıdılması ilə bağlı danışan E.Abdullayev 30 illik işğal dövründə Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin dağıdıldığını sessiya iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, bu müddətdə Ermənistanın işğalı nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkün çövkən, xalçaçılıq və muğam kimi qeyri-maddi mədəni irslərini öz doğma yurdlarında həyata keçirmək hüququndan məhrum edilib.

Diplomat bu il Şuşada keçirilən ənənəvi “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının “Şuşa – İslam Dünyasının Mədəniyyət Paytaxtı – 2024” ilinin açılış mərasimi ilə üst-üstə düşdüyünü, ötən il Şuşada TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının keçirildiyini xatırladıb, bu tədbirlərin qeyri-maddi mədəni irsin qorunması və təbliği baxımından vacibliyini diqqətə çatdırıb.

Daimi nümayəndə COP29-a ev sahibliyi edən ölkə olaraq iqlim dəyişikliyinin qeyri-maddi mədəni irsə təsiri mövzusunun Azərbaycan üçün əhəmiyyətli olduğunu bildirib.