10-11 iyun tarixlərində Xarici Ölkələrin Rus Teatr Xadimləri Assosiasiyası teatr menecmentinə dair seminar keçirib.
Seminar assosiasiyanın Sankt-Peterburq Xarici Əlaqələr üzrə Komitəsi və “Baltik evi” Teatr Festivalı ilə birgə təşkil etdiyi “Peterburq teatr emalatxanaları” beynəlxalq layihəsi çərçivəsində onlayn formatda gerçəkləşib.
Müasir teatrın tamaşaçılarla işində təcrübə mübadiləsinə dair dialoqda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev də iştirak edib.
“Baltik evi” Teatr Festivalının baş direktoru Sergey Şub, bədii rəhbər Marina Belyayeva, “Emalatxana” Teatrının direktoru Mixail Barseqov və N.P.Akimov adına Komediya Teatrının direktoru Aleksey Fradin Sankt-Peterburq teatrlarının fəaliyyəti barədə danışıblar.
F.A.İsgəndər adına Suxumi Dövlət Rus Dram Teatrının baş direktoru İrakli Xintba, Belarus Dövlət Akademik Gənc Tamaşaçılar Teatrının direktoru Vera Polyakova-Makey öz təcrübələrini seminar iştirakçıları ilə bölüşüblər.
XXI əsrdə tamaşaçılarla işdə menecerlərin fəaliyyətindəki yeniliklər barədə çıxışlar olub. “Satış texnologiyaları”, “Teatr-festival nədir? Dünən. Bu gün. Sabah”, “Teatr premyeralarının reklamına kreativ yanaşma: ilham və məhsuldarlıq”, “Xaricdəki rus teatrı prodüser teatrı kimi: Abxaziya təcrübəsi” mövzularında müzakirələr aparılıb.
Gülcahan