XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, “kiçik hekayənin böyük ustası” kimi tanınan Mir Cəlalın Gəncədəki ev-muzeyində anılıb.
Tədbirə toplaşan ədəbiyyatsevərlər, o cümlədən Mədəniyyət Nazirliyinin Gəncə-Daşkəsən regional idarəsinin rəsmiləri, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin üzvləri, Gəncə şəhərində yerləşən mədəniyyət və ali təhsil ocaqlarının nümayəndələri “Azərbaycan ədəbiyyatında hekayəçilik janrı” mövzusunda fikir mübadiləsi apararaq bu ədəbi istiqamətin yaranma və inkişaf tarixinə nəzər salıb, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə kimi ədiblərin məktəbinin davamçısı olan Mir Cəlalın hekayəçilikdəki özünəməxsus irsini xatırlayıblar. Bildirilib ki, üzərindən uzun illər keçməsinə baxmayaraq yazıçının qələmə aldığı mövzular və obrazlar, bu gün də aktuallığını itirmir - hekayələrdə aşılanan insanlıq fəlsəfəsi, mütərəqqi ideyalar, azərbaycanlı kimliyinə məxsus bəşəri dəyərlər ədəbi qızıl fondumuzdan həyatımıza işıq salır.
Tədbirdə çıxış edən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun direktoru Şəfəq Mehrəliyeva Mir Cəlalın hekayəçilik irsini davam etmək məqsədi daşıyan ənənəvi hekayə müsabiqəsi barədə məlumat verib. O, qeyd edib ki, 2017-ci ildən bəri keçirilən müsabiqədə Azərbaycanın qərb bölgəsindən kifayət sayda müəllif iştirak edib. Qələmi ilə seçilən Gəncə müəlliflərdən Ümbülbanu Hacıyevanın “Sükutun harayı” hekayəsi Mir Cəlal adına 3-cü hekayə müsabiqəsinin seçilmiş hekayələr toplusunda yer alıb.
“Gəncənin səsi” qəzetinin baş redaktoru, tanınmış jurnalist Mir Cəlalın tələbəsi olmuş Rəfiqə Sadıqova müəllimini tək görkəmli yazıçı, alim və pedaqoq deyil, həm də yüksək insani keyfiyyətlərə məxsus şəxsiyyət kimi təsvir edib, onun barəsində xatirələrini bölüşüb.
Tədbirdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdləri Azərbaycan bəstəkar mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.