Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Sevgi Meksikadır" adlı konsert proqramı keçirilib.

Tədbir Meksikanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı, Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə gerçəkləşib. Konsertdən əvvəl Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero çıxış edərək Azərbaycan və Meksika xalqlarının qədim tarixə, güclü dövlətçilik ənənələrinə malik olduğunu deyib, meksikalı ifaçıların konsertinin maraqlı olacağını bildirib. Səfir həmçinin Gəncə Dövlət Filarmoniyasına təşəkkürünü bildirərək bu cür layihələrin Azərbaycan-Meksika mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra meksikalı tenor Luis İtzkoatl və pianoçu Maurisio Duran maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə Meksikanın milli vokal musiqi nümunələri və gənc bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertin sonunda ifaçılar Müslüm Maqomayevin "Azərbaycan" əsərini ifa ediblər. Meksikalı ifaçıların rəngarəng çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.