Yay turizm mövsümünün açılışı ilə əlaqədar iyunun 15-də Dövlət Turizm Agentliyi (DTA) “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edib.
Tur zamanı ölkənin, eləcə də “Şahdağ” Turizm Mərkəzinin yay mövsümünə hazırlığı, bu istiqamətdə görülən işlər, həmçinin mövcud və yeni turizm məhsulları haqqında təqdimat olub.
DTA sədrinin müşaviri Kənan Quluzadə bu il ölkəyə gələn turist sayının pandemiyadan öncəki 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına ümid etdiklərini bildirib. Deyib ki, bu ilin əvvəlindən ölkəmiz 965 mindən çox xarici vətəndaş qəbul edib, ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artım müşahidə olunub.
Diqqətə çatdırılıb ki, bu il Azərbaycanda bir çox irimiqyaslı tədbirlər keçiriləcək və bu, turizmə müsbət təsir göstərəcək. Cari il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və yaşıl turizmə xüsusilə üstünlük verilir.
Azərbaycan Turizm Bürosunun idarə heyəti sədrinin müavini Cavanşir Bayramov əcnəbi turistlərə yay mövsümündə haykinq, qlampinq, yamac paraşütü, vindsörfinq, kaytsörfinq, dayving, raftinq, kempinq kimi turizm məhsullarının təklif olunduğunu, bu məhsulların mövcud və yeni bazarlara uyğunlaşdırılması istiqamətində fəal marketinq və təşviqat kampaniyalarının keçirildiyini bildirib.
Kompleks ərazisində infrastrukturun yenidən qurulması və modernləşdirilməsi işlərinin aparıldığını deyən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov yaxın aylarda ziyarətçilər üçün 2 xətdən ibarət, uzunluğu 1250 metr olan yeni zip-line xəttinin, kros motosikl turlarının, müxtəlif yaş kateqoriyalarında olan uşaqlar üçün avtodrom və s. əyləncələrin istifadəyə veriləcəyini bildirib.