17-18 iyun tarixlərində Polşanın paytaxtında Avropa Milli Kitabxanalar Konfransının (CENL) toplantısı keçirilir.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi 38-ci CENL illik iclasında iştirak edir. CENL Avropanın 46 ölkəsindən milli kitabxanaların üzv olduğu bir təşkilatdır.
Bu barədə Azərbaycan Milli Kitabxanasından məlumat verilib.
Varşavada keçirilən konfransın açılış mərasimində CENL-in sədri Frank Şoltse, Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovski çıxış ediblər.
İclasın ilk günü CENL-in 2023-cü ildə Fransanın paytaxtı Parisdə keçirilmiş 37-ci illik iclasının protokolu və illik hesabatı müzakirə edilib. Təşkilatın maliyyə hesabatı və növbəti il üçün büdcəsi də müzakirə edilib, səsverməyə qoyularaq qəbul olunub.
Sonra Finlandiya Təhsil və Mədəniyyət Nazirliyindən Minna Karvonen “Rəqəmsal mədəni irs zamanları, ideyaları və insanları birləşdirir” mövzusunda təqdimatla çıxış edib.
CENL üzvlərindən Fransa, Almaniya, Serbiya, İspaniya, Belçika, Lüksemburq, Estoniya Milli kitabxanalarinin rəhbərləri CENL-ə üzv kitabxanalarda elektron qanuni depozitin statusu haqqında təqdimat ediblər.
Daha sonra CENL-ə üzv kitabxanalarda elektron qanuni depozitin vəziyyəti, qanunvericilik, tələblər, təcrübələr haqqında danışılıb, müzakirələr aparılıb.