Gürcüstanın paytaxtı Tbilisidə iyunun 17-də keçirilən multikultural festivalda Azərbaycan mədəniyyətini əks etdirən stend də təqdim olunub.

Tədbirdə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi təmsil olunub. Muzeyin kollektivinin festival ərazisində qurduğu “Azərbaycan guşəsi”ndə Qarabağ və Borçalı xalçaları, milli musiqi alətləri, milli geyimlər nümayiş etdirilib.

Krtsanisi rayonunun İoseb Qrişaşvili adına parkın ərazisində gerçəkləşən festivalda Tbilisidə yaşayan bir çox xalqların nümayəndələri milli guşələr təşkil ediblər. Məktəblilər və peşəkar aktyorlar köhnə Tbilisi həyətini yeni teatrlaşdırılmış tamaşa ilə canlandırıblar.

Həmçinin burada məktəblilərin “Multikultural Tbilisi” mövzusunda çəkdikləri rəsmlər sərgilənib. Sərgi çərçivəsində maraqlı konsert proqramı da təşkil olunub.