Almaniyanın Bavariya əyalətinin Erlangen şəhərində yerləşən Neustädter Universitet Kilsəsində “Alman-Azərbaycan Mədəniyyət Sinerqiyası” adlı xüsusi orqan konserti keçirilib.

Tədbir tibb üzrə təhsilini Almaniyada davam etdirən azərbaycanlı ictimai fəal Hüseyn Kamalzadə tərəfindən təşkil edilib.

Konsertin təşkilinə Azərbaycanın Almaniyadakı səfirliyi, Erlangen şəhərin meriyası və Neustädter Kilsəsi dəstək göstərib. Konsertdə Nigar Məmmədova tərəfindən N.Əliverdibəyovun, V. Adıgözəlov, Q. Qarayevin və alman klassiklərin musiqi əsərləri ifa olunub.

Konsertin təşkilatçısı Hüseyn Kamalzadə, Reynland-Pfalts əyalətinin parlamentin keçmiş üzvü Rahim Schmidt, “AVIV e.V.” Təhsil və Mədəniyyət Mərkəzinin idarə heyətinin üzvləri, həmçinin Erlangen Xarici və İnteqrasiya Şurasının sədri Rami Boukhachem tədbirdə çıxış ediblər.

Hüseyn Kamalzadə jurnalistlərə müsahibəsində bu cür tədbirlərin iki ölkə arasında əlaqələrin daha da uğurlu inkişafına imkan yaratdığını, xalqlararası mədəniyyət mübadiləsinin önəmini artırdığını söyləyib, Azərbaycan həqiqətlərinin alman ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb.

Konserti canlı izləmək üçün şəhər bələdiyyəsinin üzvləri, Almaniyadakı Yəhudi Mədəniyyət Mərkəzinin fəalları, Münxen, Köln, Frankfurt və digər şəhərlərdəki Azərbaycan, Türkiyə, Almaniya, İsrail, Pakistan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Monteneqro, Litva, Türkmənistan, Hindistan icmalarının nümayəndələri, həmçinin İranda yaşamış etnik azərbaycanlılar iştirak ediblər.

Sonda açıq havada milli şirniyyatlarımızdan ibarət çay süfrəsi təşkil olunub.