Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycanda ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il 18 may – 18 iyun tarixləri “İnsan hüquqları aylığı” elan edilir. Aylıq çərçivəsində mədəniyyət ocaqlarında da müxtəlif səpkili tədbirlər təşkil olunub.

Üzeyir Hacıbəylinin Ev-Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "İnsan hüquqları aylığı" üzrə tədbir keçirilib. Muzeyin kiçik elmi işçisi Xanım Həsənxanova giriş sözü söyləyib, məruzə ilə çıxış edib.

Sonra mövzu ilə bağlı kompozisiyalar nümayiş olunub. "Günay" yaradıcılıq mərkəzinin şagirdləri tərəfindən Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında tamaşa göstərilib. Bundan əlavə, insan hüquqlarına dair Yusif Qasımlı və Fidan Məmmədovanın çəkdiyi rəsm əsərləri muzeyə hədiyyə edilib.

***

Azərbaycan İstiqlal Muzeyi tərəfindən “Təmiz dünya” qadın və uşaq sığınma evi ziyarət edilib.

Sığınma evinin rəhbəri tədbiri açdıqdan sonra İstiqlal Muzeyinin elmi işlər şöbəsinin müdiri və elmi işçisi mühazirə ilə çıxış ediblər.

Mərkəzin pedaqoji heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbir müzakirələrlə davam etdirilib, suallar cavablandırılıb.

Tədbirin bədii hissəsində respublika və beynəlxalq müsabiqələr laureatı Sunay Hacıyevanın ifasında xalq mahnılarımız ifa olunub.

***

Milli Azərbaycan Tarixi Muzeyində “İnsan hüquqları uşaqların gözü ilə” adlı tədbir keçirilib. “Ümid yeri” uşaq sığınacağında məskunlaşan valideyn himayəsindən məhrum olmuş uşaqlar iştirak etdiyi tədbirdə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşları tərəfindən uşaqlara Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi sahəsində dövlətin rolundan danışılıb. Qeyd edilib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur.

Tədbirdə həmçinin insan hüquqlarının müdafiəsi istiqamətində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi islahatlar haqqında iştirakçılara məlumat verilib.

Sonra uşaqlar üçün mövzuya uyğun müxtəlif intellektual oyunlar təşkil olunub.

Sonda uşaqların iştirakı ilə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından ibarət plakatların nümayiş olunduğu sosial çarx nümayiş etdirilib.

***

Səməd Vurğunun Ev-Muzeyində “Davamlı inkişaf konsepsiyası çərçivəsində insan hüquqlarının müdafiəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Qərbi Azərbaycan İcmasının Qafan rayon gənclər şurası və muzeyin təşkil etdiyi tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələri və digər qonaqlar iştirak ediblər.

Konfransda davamlı inkişaf konsepsiyası, insan hüquqlarının qorunması, davamlı inkişafda insan potensialı, keyfiyyətli təhsilin davamlı inkişaf məqsədinə uyğunluğu, insan hüquqlarının qorunması üçün qəbul edilən qanunlar, insan hüquqlarının müdafiəsində Azərbaycanın rolu kimi mövzularda məruzələr dilənilib.

Sonda muzeyin direktoru Vurğun Vəkilov və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Qərbi Azərbaycan İcması Qafan rayon gənclər şurasının sədri Murad Həsənxanlı tələbələrə sertifikat təqdim ediblər.