Paytaxtımızda müxtəlif sahələri əhatə edən, mədəniyyət profilli olmasa da, əslində, tarixi-mədəni və elmi irs məkanı sayılan muzeylər haqqında oxuculara məlumat verməyə davam edirik. Bu yazıda “Farhouse” Neon sənət muzeyi haqqında söz açacağıq.

Neon sənət muzeyi Abşeron rayonunun Novxanı qəsəbəsində (Fidan küçəsi) yerləşir. Bu muzeyi digərlərindən fərqləndirən ən önəmli cəhət eksponatlarının neon boyalarla işlənməsidir. Biz muzeylərdə eksponatları gün işığı və ya elektrik lampalarının işığında seyr etməyə alışmışıq. Neon muzeyində isə gözəlliyə valeh olmaq üçün işıq yox, qaranlıq lazımdır. Neon sənəti neon boyasının ultrabənövşəyi işıq altında əksolunma effektinə əsaslanır. Bu sənətdə işıq illüziyası və 3D effektinin köməyi ilə neon boyası ilə çəkilən şəkillər canlandırılır. Ona görə də neon boyalar adi gün və ya elektrik işığında zəif görünür, ya da ümumiyyətlə, görünmür. Amma qaranlıq yaradıb, xüsusi ultrabənövşəyi işıq yandırmaq kifayətdir ki, paralel-mistik aləmə düşəsən...

 

Qədim Çin təlimi və Laplandiyadakı işıqlar

 

Muzeyin giriş qapısı və divarları rəngarəng naxışlarla bəzədilib. Həyətdə Həzi Aslanov, Memar Əcəmi, İlyas Əfəndiyev və digər görkəmli şəxsiyyətlərimizin heykəlləri qoyulub.

Muzeyin yaradıcısı, nəqqaş, rəssam Fərid Ələkbərov bizi qarşılayır. Deyir ki, 2015-ci ildə muzeyin əsasını qoyub, 2022-ci ilin yanvarından ziyarətçiləri qəbul etməyə başlayıb. Muzey hazırlanarkən “fenşuy” fəlsəfəsindən (təbiətdə olan enerjini yaşadığımız mühitdə hərəkətə çevirmə texnologiyasını göstərən qədim Çin təlimi) istifadə olunub. Belə bir muzey ideyası onda Finlandiyanın Laplandiya bölgəsinə səfəri zamanı şimal işıqlarını görəndə yaranıb.

Muzey fasaddan interyerə qədər neon üslubda bəzədilmiş iki mərtəbədən ibarətdir. Buraya ev-muzeyi də demək olar. Çünki muzeyin yaradıcısı Fərid Ələkbərov özü də bu evdə yaşayır.

 

“Enerji otağı”

 

Bələdçimiz Mədinə Cahangirova ilə birlikdə muzeyi dolaşmağa başlayırıq. Əvvəlcə muzeyin “Enerji otağı”na daxil oluruq. Bələdçimiz qeyd edir ki, otağın bu cür adlandırılması heç də təsadüfi deyil. Otaqda qadın obrazları üstünlük təşkil edir. Həmçinin burada yapon heroqlifləri var ki, bu da insanlara daha çox müsbət enerji vermək məqsədilə yaradılıb.

Müsahibim vurğulayır ki, Fərid Ələkbərov özü rəssam ailəsində doğulub. Atası Kamal Ələkbərov Xalq rəssamıdır. Muzeyin həyətində gördüyümüz heykəllər də Kamal Ələkbərov tərəfindən hazırlanıb. “Enerji otağı”nda rəssamın atasının gipsdən ürək formasında hazırladığı heykəl də nümayiş olunur. K.Ələkbərov ürəyin içərisində öz həyat yoldaşının üzünü təsvir edib. Bu əsər ziyarətçilərin ən çox bəyəndiyi eksponatlardan biridir.

 

Fosforlu fon

 

Muzeyin mətbəx otağındayıq. Otağa daxil olan kimi döşəmədəki xalça formasında işlənən rəsmlər diqqətimizi çəkir. Şkafların üzəri və mətbəxdə olan bütün əşyalar isə neon boyalarla bəzədilib. Otaqda fosforlu fon da var. Fonda ziyarətçilər öz əllərinin və siluetlərinin formasını çıxara bilərlər. Biz də bu fürsətdən yararlanırıq.

Birinci mərtəbənin daha bir otağı – uşaq guşəsindəyik. Burada müxtəlif kompozisiyalar nümayiş olunur. Venera, Merkuri, Mars planetləri, Günəş və ulduz təsvirləri ultrabənövşəyi işıq altında olduqca füsunkar görünür. Bu mənzərəni izləyərkən insan bir anlıq özünü sanki səmada hiss edir.

 

Psixoloji test

 

İndi isə öz psixoloji vəziyyətimizi test etməyə gedirik. “Psixoloji otaq”. Muzeyin növbəti otağı belə adlanır. Burada da çoxlu maraqlı təsvirlər yer alır. Bunlardan biri də “Ozon dəliyi”dir ki, əsərə adi işıqda baxdıqda Yaponiyanın bayrağını görürük. Ən diqqətçəkən isə “Limonlar” əsəridir. Otağın psixoloji otaq adlandırılmasının sirri də məhz bu əsərdədir. Çünki əsər bir növ psixoloji test xarakteri daşıyır. Əsərə baxan insanlar orada hərəkət görürlərsə, bu onların yorğun və əsəbi olduqlarını göstərir, limonların düzülüşünü sabit vəziyyətdə görürlərsə, sinir sistemlərinin daha sakit olduğu qənaətinə gəlirlər. Əsərə tamaşa edərkən limonların hərəkətli olduğunu görürük. Deməki, bir qədər yorğunluğumuz var...

 

300-dən çox eksponat

 

Muzeyin qalereya adlandırılan və zirzəmi hissədə yerləşən otağına daxil oluruq. Bu otaq, bir növ, sənət emalatxanasını xatırladır. Ziyarətçilərə satış üçün neon və fosforla boyanmış müxtəlif aksesuarlar təqdim olunur.

Təbiət otağında isə rəssamın bir-birindən maraqlı əl işləri nümayiş olunur.

Bələdçimiz bildirir ki, muzeydə 300-dən çox eksponat var. Onların sırasına yeniləri əlavə olunur. Məkanın cəlbediciliyini artırmaq üçün eksponatların yerləri tez-tez dəyişdirilir.

 

Uşaqlar üçün ustad dərsləri

 

Muzeydə Fərid Ələkbərov tərəfindən orta məktəb şagirdləri və azyaşlılar üçün ustad dərsləri də təşkil olunur. Uşaqlar keramika, taxta və kətan üzərində rəsmlər çəkməyi öyrənirlər.

Bələdçimizdən muzeyə giriş qiymətini və iş saatlarını da öyrənirik. Mədinə xanım deyir ki, muzey bazar ertəsi istisna olmaqla hər gün ziyarətçilər üçün açıqdır. Böyüklər 8 manat, məktəblilər, tələbələr, həmçinin 5 nəfər və daha çox qruplar isə adama 6 manat ödəməklə muzeyi ziyarət edə bilərlər. Düzü, qiymətlər bizə bir az yüksək gəldi...

Amma muzeydən zəngin təəssüratla ayrılırıq. Məkandan bir qədər uzaqlaşsaq da, sanki ətrafımızda hər şey neon boyasına bürünüb...

N.Məmmədli