Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonu yenə rənglərin yay əhvalına bürünüb. Bir müddətdir ki, burada, demək olar ki, hər həftə rəssamlarımızın fərdi sərgiləri təqdim olunur. Hər sərginin öz rəng dünyası var. İyunun 12-də tanınmış rəssam, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyevin “Çiçəklənən Şuşa” adlı sərgisinin də. ARİ və Şuşa Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən sərgi müəllifin 75 illik yubileyinə həsr olunub.

Açılış mərasimində ARİ-nin katibi Xalq rəssamı Ağaəli İbrahimov rəssamın yaradıcılığından söz açıb, sərgidə yer alan portret və mənzərə janrlarında əsərlərin Vətənə sevgidən yoğurulduğunu deyib. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kafedra müdiri Yeganə Cəlilova çıxışlarında əslən Şuşadan olan rəssamın bu əsərlərində nisgillə sevinci bir araya gətirdiyini, əsərlərini böyük zövq və yüksək ustalıqla yaratdığını bildiriblər.

***

Səyyar Əliyevlə sərgilərdə, tədbirlərdə tez-tez rastlaşıram. Təvazökar, hər kəsə diqqət və qayğı ilə yanaşdığının şahidiyəm. Həm də onun uzun illər necə yurd nisgili ilə yaşadığını bilirəm. Bu gün isə o, yurdu işğaldan azad edilmiş, qalib ölkənin vətəndaşı kimi daha qürurlu görünür...

Səyyar Əliyev 1949-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulub. Orta məktəbi Şuşada və Ağcabədidə oxuyub. ADPU-nun Şuşa və Ağcabədi filiallarında müəllim işləyib. 1994-cü ildən ADPU-nun Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasında müəllim vəzifəsində çalışır.

Sərginin açılışında iştirak edə bilməsəm də, sonradan ekspozisiyanı gəzmək imkanım oldu. Təbiət mövzulu, abstrakt üslublu əsərlərdə biz rəssamın əvvəlki sərgilərindən fərqli olaraq, ağrı-acı hiss etmirik. Məlumdur ki, müəllifin əsərlərinin çoxu Qarabağ savaşına həsr olunub. Uşaqlıq və gənclik illərini əsrarəngiz Qarabağ torpağında keçirən Səyyar Əliyevin rəssamlıq üzrə xüsusi təhsili olmasa da, onun əsərlərində hiss və duyğuların ifadəli təcəssümünün, Vətənə sevgisinin şahidi oluruq. Sərgidə təqdim olunan əsərlərdə təbiətin gözoxşayan mənzərələri, qədim Şuşa və hər ləçəyində məxsusi gözəllik daşıyan xarıbülbülün sevincini görürük.

“Çiçəklənən Şuşa” müəllifin sayca 7-ci fərdi sərgisidir və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilib. İyunun 18-dək davam edən sərgidə neorealistik və abstrakt üslubda əsərlər yer alıb. Ekspozisiyanı izlədikcə bu qənaətə gəlirsən ki, rəssam öz fikir və duyğularını daha çox mənzərə janrı ilə tamaşaçıya ötürmək istəyir. “Qarabağ mənzərəsi”, “Cıdır düzünün həsrəti” və digər əsərləri seyr etdikcə düşünürsən ki, hər tablo sanki insanı xəyalən bir anlıq Şuşaya, Qarabağın gözəlliklərini seyr etməyə aparır. Mənzərə, natürmort, süjetli tabloların hər biri rəssamın həm də həyata, dünyaya baxışı, rənglərə münasibətini əks etdirir. Kətan üzərində rənglərin uğurlu harmoniyası var. Rəssamın meyvələrə olan münasibəti də cəlbedicidir.

Səyyar Əliyev həm də tarixçi-alimdir. Bəlkə də, bu səbəbdən fırça onu şanlı keçmişimiz və vətənpərvərlik mövzusunda orijinal sənət əsərləri ərsəyə gətirməyə sövq edir...

Lalə Azəri