“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərini davam etdirir.

Qeyd edək ki, layihə üzrə 110,4 km olan dəmir yolu xəttinin üzərində 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) olacaq.

ADY-dən verilən məlumata görə, dəmir yolunun tikintisi üzrə işlərin 56 faizi tamamlanıb. Məlumata görə, Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Horadiz-Ağbənd dəmir yolu xətti boyunca irimiqyaslı körpülər də daxil olmaqla 500-ə yaxın mühəndis qurğusunun tikintisi həyata keçirilir. Buraya Həkəri çayı üzərindən keçən hissədə (Zəngilan rayonu) 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü də daxildir.

Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Tikinti işləri Türkiyənin “Kalyon İnşaat” şirkətinin iştirakı ilə həyata keçirilir.