Oqtay Kazımi adına Astara şəhər Musiqi məktəbində “Gözəl sonluq” adlı məzun günü keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə məzunların ifasında xalq və bəstəkar mahnıları, eləcə də xarici ölkə bəstəkarlarının əsərləri təqdim edilib. Direktor vəzifəsini icra edən Leyla İskəndərova məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

Astara rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə Astara Dənizkənarı park-bulvarında əhaliyə səyyar kitabxana xidməti göstərilib. Məqsəd uşaqların mütaliəyə marağını artırmaq və yay tətilində onları kitabxanaya cəlb etməkdir. Uşaq şöbəsinin fonduna yeni daxil olmuş kitablar oxuculara təqdim edilib.

***

Masallı rayon Mərkəzi Kitabxanasında “Hüseyn Arif – 100” adlı tədbir keçirilib. Kitabxananın əməkdaşları Şəmsurə Nəsirova və Aidə Quliyeva Xalq şairi Hüseyn Arifin həyat və yaradıcılığından danışıblar.

Diqqətə çatdırılıb ki, ədibin “Yolda” poeması əsasında yazdığı eyniadlı pyes 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Qeyd olunub ki, şairin şeirləri bir sıra xalqların dillərinə tərcümə olunub, sözlərinə mahnılar bəstələnib.

***

Cəlilabad rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Səfa Axundovun (1958–1992) anadan olmasının 66-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Uşaq şöbəsinin baş kitabxanaçısı Gülzar Qubadova qəhrəmanın həyat və döyüş yolu haqqında məlumat verib. Sonda məktəblilərin ifasında şəhidlər haqqında şeirlər səsləndirilib.