21-22 iyun tarixlərində Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqres keçirilir. Festival-konqres çərçivəsində tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə çap edilmiş elmi əsərlərin təqdimatları təşkil olunur.
Naxçıvan Dövlət Universitetinin (NDU) kitabxanasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “XX əsrdə Dərələyəzdə urbisid və etnosid aktları” kitabının və “Ulduz” jurnalının “Qərbi Azərbaycan” xüsusi buraxılışının təqdimatı olub.
NDU-nun rektoru Elbrus İsayev çıxış edərək Qərbi Azərbaycan mövzusunun xalqımızın tarixi yaddaşı olduğunu bildirib, təqdimatı keçirilən nəşrlərin əhəmiyyətini vurğulayıb.
Filologiya üzrə fəlsəfə doktorları Arifə Zeynalova, Qənirə Əsgərova, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi dosent Zülfiyyə İsmayıl, ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, ADPU Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova yeni nəşrlər haqqında fikirlərini bildiriblər.
Sonda müəllif Mahirə Hüseynova çıxış edənlərə təşəkkürünü bildirib.