16-29 iyun tarixlərində Əməkdar artist Şahin Növrəslinin təsisçisi olduğu III Bakı Piano Festivalı keçirilir.
“Landmark Hotel”də təşkil olunan festivalın media üçün təqdimatında Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya, Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşlıq və mədəni fəaliyyətlər üzrə müşaviri Şarl Denye, digər qonaqlar iştirak ediblər.
Şahin Növrəsli festivalın proqramı və iştirakçıları haqqında danışıb, bütün tərəfdaşlara, sponsorlara və media nümayəndələrinə təşəkkürünü bildirib.
Festival iyunun 16-da Rebeka Orteqa – “Flamenco Company”nin iştirakı ilə flamenko konserti ilə açılıb.
Festival çərçivəsində “Fortepiano üçün etüd” ədəbi müsabiqəsi də keçirilib. Müsabiqənin məqsədi ədəbi əsərdə canlı musiqi obrazı yaratmaq və ədəbiyyatda musiqi mövzusunu populyarlaşdırmaq olub. Əsərləri münsiflər heyətinin üzvləri – Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aleksandr Xakimov, “NG Creators Club”un direktoru Natiq Əliyev və festivalın media əlaqələndiricisi Rüstəm Hüseynov iştirakçıların əsərlərini qiymətləndiriblər.
III Bakı Piano Festivalı iyunun 29-da İsak Jamba qrupunun ifası – Braziliya samba konserti ilə başa çatacaq.