Bu il əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan Bəstəkarlar İttifaqının 90 ili tamam olur.
Bu yubiley musiqi mədəniyyətimiz üçün də böyük bir hadisədir. Çünki ötən illərdə böyük istedadı, yüksək professional savadı və zəngin yaradıcılığı olan bir neçə bəstəkar nəsli yetişib ki, Azərbaycan Bəstəkarlar İttifaqı da onların yaradıcılıq məkanı olub. İttifaqın üzvləri daim bu məkanda toplaşaraq öz yaradıcılıq mübadilələri ilə bərabər, Azərbaycan musiqi mədəniyyətinin inkişafına dair fikir və mülahizələr irəli sürərək bu istiqamətdə töhfələrini vermişlər. Təşkilatın ölkəmizin müxtəlif bölgələrində də fəaliyyət göstərən bölmələri var. Şuşa, Naxçıvan, Lənkəran, Gəncə bölmələrində həmin regionlarda yaşayan bəstəkar və musiqişünaslar geniş fəaliyyət göstərmişlər və indi də bu istiqamətdə mühüm işlər görürlər.
90 illik yubiley çərçivəsində Bəstəkarlar İttifaqının ilk səyyar plenumu Gəncədə gerçəkləşdi. Dahi Nizaminin, ölməz bəstəkarlarımız Fikrət Əmirovun, Qəmbər Hüseynlinin, Telman Hacıyevin doğulub, boya-başa çatdıqları Gəncə. Vaxtilə Üzeyir Hacıbəyli bu qədim diyara tez-tez gələrmiş və hətta Fikrət Əmirovun atası, dostu Məşədi Cəmil Əmirovla Gəncənin musiqi həyatına böyük töhfələr vermişlər. 1923-cü ildə Gəncədə açılan ilk musiqi məktəbi buna misaldır. İndi həmin məktəb Fikrət Əmirovun adını daşıyır. Daha bir möhtəşəm musiqi ocağı var ki, onun da əsasını dahi Üzeyir Hacıbəyli qoyub. 1935-ci ildə yaranan Gəncə Dövlət Filarmoniyası. Bu faktları ona görə diqqətə çatdırırıq ki, Bəstəkarlar İttifaqının 90 illiyi çərçivəsində səyyar plenumun Gəncədən başlanması təsadüfi deyil.
İndi isə 15–17 iyun tarixlərində keçirilən səyyar plenumunun tədbirləri barədə məlumat verək.
15 iyunda Gəncəyə gedən nümayəndə heyətini Bəstəkarlar İttifaqı Gəncə bölməsinin rəhbəri bəstəkar Məmməd Cəfərov öz tələbələri və Gəncə ziyalıları ilə qarşıladılar. Sonra Ulu öndərimiz Heydər Əliyevin abidəsi ziyarət olundu. Həmin gün F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında səyyar plenumun açılış mərasimi oldu.
Giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov çıxış edərək, ittifaqın və onun Gəncə bölməsinin fəaliyyətindən danışdılar, səyyar plenumun proqramı barədə məlumat verdilər.
Gəncə Dövlət Filarmoniyası kollektivlərinin rəngarəng konsert proqramı təqdim olundu. Xalq artisti Rafael Bayramovun rəhbərliyi ilə kamera orkestri və Xəyal Qəhrəmanovun rəhbərliyi ilə xalq çalğı alətləri orkestri Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Süleyman Ələsgərov, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Sərdar Fərəcov və Məmməd Cəfərovun əsərlərini ifa etdilər. Solistlərdən Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Elmir Pişnamazzadə, Samirə Hacıyeva, Nərgiz Əkbərli (fortepiano), Əli Əliyev (tar), Rüstəm Cəfərovun orkestrlə birgə çıxışlarını və Gəncə Musiqi Kollecinin xor kollektivini tamaşaçılar rəğbətlə qarşıladılar.
16 iyun tarixində səyyar plenumun ikinci günü də maraqlı tədbirlərlə yadda qaldı. Gəncə Dövlət Filarmoniyasının “Üzbəüz” layihəsində Xalq artisti, professor Firəngiz Əlizadə ilə Gəncə ziyalılarının görüşü oldu.
Filarmoniyanın direktoru Ramil Qasımov qonaqları salamlayıb, Firəngiz Əlizadənin yaradıcılığı haqqında daha ətraflı danışmaq üçün sözü Əməkdar incəsənət xadimi, professor Həcər Babayevaya verdi. O, əvvəlcə Firəngiz Əlizadənin yaradıcılığına dair rejissor Cahangir Zeynallının çəkdiyi sənədli filmi təqdim etdi. Filmdə Firəngiz xanımın dünyanın müxtəlif konsert salonlarında məşhur musiqiçilərin ifasında səslənən əsərləri və onun haqqında görkəmli sənətkarların fikirləri diqqətə çatdırılır. Həcər Babayeva bəstəkarın zəngin yaradıcılıq yolundan söhbət açdı.
Sonra Firəngiz xanım çıxış etdi, tamaşaçılar tərəfindən ona verilən sualları səmimi və dolğun şəkildə cavablandırdı.
Həmin gün Gəncə Dövlət Filarmoniyasında Bakıdan gələn musiqiçilərin ifasında kamera konserti təqdim olundu. Əməkdar artist Fəridə Məmmədovanın ifasında Qara Qarayevin və Əməkdar müəllim, bəstəkar Lalə Cəfərovanın romansları səsləndi. Beynəlxalq müsabiqələr laureatları Zərrin Əliyeva, Zakir Əsədov, Orxan Hüseynov və Elçin Məmmədov da Qara Qarayev, Niyazi, Oqtay Zülfüqarov, Firəngiz Əlizadə və Ayaz Qənbərovun əsərlərini ifa etdilər. Fikrət Əmirovun “Min bir gecə” baletindən “Bayram rəqsi” ilə yekun vurulan konsert proqramı alqışlarla qarşılandı.
Səyyar plenum iyunun 17-də möhtəşəm bir əsərlə başa çatdı. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olundu.
Tamaşadan öncə bu sətirlərin müəllifi Firəngiz Əlizadənin opera yaradıcılığından və xüsusən də “İntizar” operasının musiqi mədəniyyətimiz üçün tarixi əhəmiyyətindən danışdı. Qeyd olundu ki, 2007-ci ildə ərsəyə gələn “İntizar” operası vətənpərvərlik mövzusunun musiqidə təcəssümü və qələbə müjdəsidir. Çünki əsərin sonunda səhnədə görünən ağ atlı oğlan əsl qəhrəmanlıq simvolu və qələbəyə inamın təzahürüdür. “İntizar” operası qələbə intizarı ilə yazılan əsərdir. Artıq bu intizara da son qoyulub və neçə-neçə ağ atlı oğullar meydana atılaraq torpaqlarımızı azad edib, xalqımıza əbədi qələbə bəxş ediblər.
Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda tamaşaya qoyulan “İntizar” operasını Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, Tural Ağasıyev, solistlər Aysel İbrahimova, Taleh Yəhyayev, Fəhmin Əhmədli, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə xor kollektivi təqdim etdilər. Qəhrəmanlıq ruhunda tamamlanan bu əsər tamaşaçılarda da böyük ruh yüksəkliyi və xoş ovqat yaratdı. Məhz bu xoş ovqatla da plenum öz işini başa çatdırdı.
Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə doktoru