İnklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək üçün səylərimizi əsirgəmirik

 

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfi fikirlərini, mütərəqqi ideyalarını, ümumbəşəri dəyərləri və prinsipləri rəhbər tutaraq fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanaraq dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri, qlobal gündəlikdə duran aktual məsələlərin həlli istiqamətində təklif etdiyi yeni yanaşmalar beynəlxalq aləmdə təqdir edilir və yüksək dəyərləndirilir.

Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19–21 tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COP29-a aparan yol: dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına ünvanlandığı müraciətində yer alıb.

Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikası ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir.

“Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlərlə birgə əməkdaşlıq çərçivəsində ağıllı həllər tapmağa çalışacaq, eyni zamanda, biz töhfə vermək istəyən qeyri-hökumət təşkilatları və beyin mərkəzləri ilə əməkdaşlığa açığıq. Bu baxımdan, COP29-a hazırlıqla bağlı Bakı və işğaldan azad edilmiş Zəngilan şəhərlərində üç gün davam edəcək bu tədbir çərçivəsində Mərkəzin dəyərli üzvlərinin və tərəfdaşlarının bizimlə zəngin təcrübələrini və biliklərini bölüşərək dəstək göstərmək səylərini yüksək qiymətləndirirəm”, – deyə müraciətdə vurğulanır.

Bildirilir ki, bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcək.

Dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi toplantının COP29-a hazırlıq mərhələsində iqlim fəaliyyəti gündəliyinin irəli aparılmasına və planetimiz üçün həyati vacib olan qərarların qəbul edilməsinə öz töhfəsini verəcəyinə inandığını bildirib və onun işinə uğurlar diləyib.

***

Qeyd edək ki, dövlətimizin başçısının müraciətini “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının açılış mərasimində Prezidentin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Mərasimdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.

Tədbirə moderatorluq edən İ.Serageldin bildirib ki, Kyoto Protokolunun bağlanmasından 30 ilə yaxın müddət keçib. Geriyə baxsaq, 1997-ci ildə iqlim tullantılarının qarşısını almaq üçün ilk səylərin başladığı zamanla indiki vaxt müqayisə oluna bilməz. Bu gün qlobal istiləşmə, iqlim dəyişikliyi bütün bəşəriyyət üçün çox ciddi problemdir.

COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında diqqətə çatdırıb ki, ötən aylar ərzində komandamız müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və dərin məsləhətləşmələr aparıb. İqlim dəyişikliyi üçün hər kəsi ortaq həllər tapmağa səsləmək, bütün fikirləri eşitmək vacibdir.

BMT Baş Assambleyası 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər və müdafiə naziri Maria Fernanda Espinoza COP29-a hazırlıq məqsədilə təşkil olunan toplantının əhəmiyyətini vurğulayıb. Bildirib ki, COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq. İnanırıq ki, tədbir prosesə inamı və legitimliyi gücləndirəcək.

CGIAR şirkətinin icraçı direktoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş elmi işçisi İsmahane Elouafi qeyd edib ki, COP29-da müzakirə olunacaq məsələlər problemdən həll yollarının tapılması istiqamətində çox vacibdir: “Ümid edirəm ki, gələcək nəsillərə dünyanı daha sağlam və yaşanıla biləcək bir yer olaraq ötürə bilərik”.

İqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edən Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus tədbir iştirakçılarına videomüraciəti zamanı diqqətə çatdırıb ki, iqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fəaliyyət lazımdır. Biz birlikdə davamlı həll yollarına marağı artıra və gələcək nəsillər üçün daha sağlam dünya yarada bilərik.

“İqlimin mülayimləşdirilməsindən əldə olunan gəlirlərlə hər il milyonlarla insanın həyatını xilas edə bilərik. Xərclənən hər 1 dollar 4 dollardan çox gəlir gətirə bilər. Bu tədbirlərə həssas insanları istilik dalğalarının təsirindən qorumaq, səhiyyə müəssisələri üçün bərpaolunan enerjiyə sərmayə qoymaq, ətraf mühiti çirkləndirən yanacaqlara subsidiyaların verilməsini dayandırmaq daxildir”, – deyə o vurğulayıb.

Bəşəriyyətin iqlim dəyişikliyinə və bu qlobal problemin həlli yolunda hərəkətsizliyə görə fəlakətin astanasında olduğunu diqqətə çatdıran BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos videomüraciətində planetin geosiyasi parçalanmanın girovuna çevrilə biləcəyindən narahatlığını ifadə edib: “Unutmayaq ki, problemin həlli təkcə iqlimə deyil, iqtisadi rifaha və davamlı inkişafa da kömək etmək imkanı yaradır. İqlim dəyişikliklərini həll etmək planeti və həssas insanları qorumaq deməkdir”.

Tədbirə videoformatda qoşulan BMT-nin İnsanın immun çatışmazlığı virusu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima, Finlandiyanın sabiq dövlət başçısı Tarya Halonen, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Nəcat Moxtar, Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun iqlim dəyişikliyi ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir işini panel iclaslarla davam etdirir.

Qeyd edək ki, 8 paneldən ibarət və 100-dək qonağın iştirak etdiyi tədbirin ilk günündə “Çağırışın statusunun icmalı”, “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” və “İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri” mövzusunda panel müzakirələr aparılıb.

***

İyunun 20-də, toplantının ikinci günündə Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiçin moderatorluğu ilə “Elm, texnologiya və innovasiyanın rolu” mövzusunda panel keçirilib.

O bildirib ki, biz hazırda elm, texnologiya və innovasiyaların inqilabi dəyişikliklərinin yaratdığı inanılmaz zamanda yaşayırıq. Yeni biologiya, İKT və süni intellektin fövqəladə vəziyyətindəki inqilablar, bütün imkanlar artıq əlçatandır. Bütün bunların iqlim dəyişikliyi fonunda gələcək nəsillərə necə çatdırılmasının və ancaq faydalar üçün istifadə etməyin yollarını tapmaq əsas məqsədimizdir.

Qırğızıstanın sabiq baş naziri Comart Otorbayev bildirib ki, ölkəni innovasiyalar məkanına çevirmək üçün İKT sektorunda çalışan mütəxəssislərin kritik kütləsini toplamaq şərtdir. O, COP29-un bu baxımdan önəmli platforma olacağını deyərək Azərbaycanın bunun öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edib.

Rumıniyanın sabiq baş naziri Petre Roman Xəzər dənizinin suyunun getdikcə azalmasının son illərdə böyük narahatlıq doğurduğunu qeyd edib. Bildirib ki, Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axınında da azalma müşahidə edilir.

AEBA-nın Nüvə elmləri və tətbiqləri departamentinin koordinatoru Jan-Pyer Kayol vurğulayıb ki, innovasiyaların artırılması iqlim dəyişikliyi ilə bağlı qlobal prosesdə həlledici rol oynayacaq. Bu baxımdan COP29-u yaxşı fürsət kimi dəyərləndirmək olar.

Toplantının digər panelləri “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti”, “İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi”, “Eyni planet, eyni sağlamlıq: davamlı gələcək üçün birləşmək” və “Azərbaycanın öz təcrübəsindən dərslər”, “Siyasət: Lobbiçilər, gənclər, qadın qrupları, fəallar və ictimaiyyətin iştirakı” mövzularına həsr olunub.

İşini iyunun 21-də yekunlaşdıracaq tədbirin iki paneli Zəngilan rayonunda təşkil olunacaq.