Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) professoru Əməkdar incəsənət xadimi  Çingiz Fərzəliyevin Berlin şəhərində  “Dünyanın siması” adlı fərdi sərgisi açılıb.

“Q Gallery Berlin”də gerçəkləşən sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Almaniyadakı Səfirliyinin müşaviri Cavid Nəsirli rəssama təbriklərini çatdırıb, yaradıcılıq uğurlar arzulayıb.

ADRA-nın beynəlxalq əlaqələr üzrə prorektoru Xalq rəssamı, professor Səlhab Məmmədov Çingiz Fərzəliyevin yaradıcılıq yolundan, əsərlərinin ideya-bədii özəlliklərindən danışıb.

Çingiz Fərzəliyev sərginin iştirakçılarına təşəkkürünü bildirib. O, həmçinin məşhur rəssamlar məmləkətində sərgisinin açılmasından böyük məmnunluq duyduğunu dilə gətirib. Müəllif deyib ki, sərgidə yer alan əsərlərin əsas məqsədi dünyamızı qorumağa və bəşəriyyəti ətraf mühitlə bağlı daha diqqətli olmağa çağırışdan ibarətdir.

Qeyd edək ki, iyunun 7-də açılın sərgidə rəssamın 15 rəngkarlıq əsəri nümayiş olunur. Sərgi iyulun 13-dək ziyarət üçün açıq olacaq.