Milli Kitabxanada XIX yüzilliyin birinci yarısında Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafında özünəməxsus şərəfli yer tutan Abbasqulu ağa Bakıxanovun irsinin təbliği məqsədilə “Abbasqulu ağa Bakıxanov–230” adlı geniş kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgidə Abbasqulu ağa Bakıxanovun əsərləri, həyatı, çoxcəhətli bədii və elmi yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
A.Bakıxanov Azərbaycan elm tarixində mühüm rolu olan böyük alimdir. Bakıxanova qədər Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə, fərman və sair yazılı sənədlərdə təsadüf olunurdu. O, ilk dəfə bu pərakəndə materialları toplayıb və onlara əsasən "Gülüstani-İrəm" adlı əsərini yazıb. Bu əsərlə Azərbaycan tarixşünaslıq elminin əsasını qoyduğu üçün o, Azərbaycanın ilk peşəkar tarixçi alimi hesab edilir.