Özbəkistanın Namanqan şəhərinin Zəhirəddin Məhəmməd Babur adına parkında “Namangan Flowers - 2024” 63-cü beynəlxalq gül festivalı keçirilir.
İyunun 20-də gerçəkləşən açılış mərasimində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycan, Niderland, Türkiyə, Rusiya, Qırğızıstan, Tacikistan, Türkmənistan, Cənubi Koreya və digər ölkələrdən rəsmilər, mədəniyyət və incəsənət xadimləri, professional gülçülər, landşaft dizaynerləri və başqa qonaqlar iştirak edirlər.
Hər il ənənəvi olaraq keçirilən gül festivalında Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov, şəhər bələdiyyəsinin sədr müavini Əli Əliyev, Mingəçevir Toxuculuq Fabrikinin direktoru Əli Əsədov və Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan iştirak edirlər.
Səfər çərçivəsində Mingəçevir teatrının direktoru paytaxt Daşkənddən sonra ölkənin ikinci ən çox əhalisi olan Namanqan şəhərində fəaliyyət göstərən Mədəniyyət evi, Dövlət Dram Teatrı və Kukla teatrının rəhbər heyəti ilə görüşlər keçirib, əməkdaşlıq əlaqələrinin qurulması və qarşılıqlı qastrol səfərləri ilə bağlı müzakirələr aparılıb.
Festival güllərlə bəzədilən 200-dən artıq müxtəlif markalı minik maşınının, retro avtomobillərin, motosikletlərin və kənd təsərrüfatı texnikasının paradı ilə açılıb, maşınlar şəhərin mərkəzi küçələrindən keçib. Tamaşaçılar maşınların paradını alqışlarla qarşılayıblar.
Bildirilib ki, gül bayramında 3 milyon turistin iştirak edəcəyi gözlənilir.
Festival iyunun 24-dək davam edəcək.