Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə iyunun 18-də “Cinema Plyus Azərbaycan”da rejissor Namiq Ağayevin “Ol” (2018) tammetrajlı bədii filmi nümayiş olundu.

Tədbirin moderatoru, kinotənqidçi Sevda Sultanova Namiq Ağayevin dünyaya, hadisələrə özünəməxsus, maraqlı baxışı olduğunu dedi. O, filmdə əsas rollardan birini oynayan, dünyasını dəyişmiş aktyor Fikrət Məmmədovun peşəkar oyununu xüsusi vurğuladı.

Namiq Ağayev tamaşaçıları salamlayaraq təqdimata görə Azərbaycan Kinematoqrafçılar İttifaqına təşəkkürünü bildirdi.

Daha sonra film nümayiş olundu.

Nümayişdən sonra filmin yaradıcı heyətindən Namiq Ağayev, əsas rolun ifaçılarından biri Vüsalə Ağayeva, operator Ramin Asimoğlu və xoreoqraf Rumiyyə Ağayeva səhnəyə dəvət olundular.

Rejissor “Ol” filminin komanda kimi ilk işi olduğunu dedi: “Bu komanda ilə biz indi də işləyirik, gələcəkdə də işləmək planımız var. “Ol” filminin ssenari üzrə süjet xəttində improvizələr eləmişik. Fikrət Məmmədovun da burada dəst-xətti var. O, çox aktiv, yaradıcı aktyor idi... Biz bu həyatdan nə istəyirik? Öz peşəmizi layiqincə həyata keçirmək”.

Ssenarisi Namiq Ağayev və Fikrət Məmmədova məxsus olan ekran işində yaradıcı adamın maddi və mənəvi çətinlikləri göstərilir. Filmin baş qəhrəmanları rejissor qardaşlardır. Onlar son işlərindəki uğursuzluğa görə sponsorlar tərəfindən çox pis şəkildə döyülüb gecənin yarısı sərxoş vəziyyətdə küçəyə atılırlar. Hekayə də bu səhnə ilə başlayır. Daha doğrusu, hekayəni rejissor Namiq özü anlatmağa başlayır. Gecənin qaranlığında küçələri sərgərdan gəzən sərxoş qəhrəmanlarımız bir bardan döyülüb atılan qıza rast gəlirlər. Elə bu an son uğursuzluqlarından xəyal qırıqlığına uğrayan rejissorların ağlına yeni ideya gəlir. Onlar yeni ssenarilərinin qəhrəmanı kimi içkili və huşsuz qızı öz evlərinə gətirirlər. Səhəri gün hər üçü ayılır. Amma onlar olanları müzakirə etmək, nə baş verdiyini aydınlaşdırmaq, ən azından qızın kimliyini öyrənmək yerinə özləri üçün ssenari yazmağa, nağıl uydurmağa başlayırlar... 

Həmidə