Kitabın yeni nəşri Almaniyada təqdim olunub

 

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Əlifba: A Cultural Alphabet” kitabının təqdimatı olub. Tədbirdə mədəniyyət, incəsənət  nümayəndələri, dizaynerlər, influenserlər, kitab mağazalarının sahibləri, Bir sıra ölkələrin Berlindəki səfirliklərinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Rəngarəng illüstrasiyalardan ibarət “Əlifba: A Cultural Alphabet” kitabı həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulmuş Azərbaycan əlifbasıdır. Kitabda Azərbaycan əlifbasının hər bir hərfi ölkəmizdəki memarlıq abidələri, sənət əsərləri, xalqımızın tarixi ənənələri və folkloru ilə bağlıdır.

Layihənin ideya müəllifi “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmuddur. Alman, ingilis, ispan və italyan dillərində təqdim olunan nəşrin əsas məqsədi ölkəmizin tarixini, mədəni irsini və Azərbaycan dilini təbliğ etməkdir.

Təqdimatda Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmud çıxış ediblər.

Sonra qonaqlar “History in Letters” (“Məktublarda tarix”) filmini izləməyə dəvət ediliblər. Sənədli animasiya filmi tamaşaçıları əlifba prizmasından Azərbaycan mədəniyyəti və tarixi ilə tanış edir. Bu həm də tamaşaçını həqiqətin kəşfinə və sənətə olan sevginin gücünə sövq edən fəlsəfi axtarışdır.

Filmin rejissoru Meran İsmayılsoy, ssenari müəllifi Ağamehdi Abidov, animatoru Kənan Şeyxzamanlı, sponsoru BP şirkətidir.

Qonaqlar Azərbaycanın Xalq artisti, xanəndə Alim Qasımovun və Əməkdar artist, pianoçu İsfar Sarabskinin ifasında musiqili proqramın müşayiəti ilə Azərbaycan mətbəxinin ləziz təamlarından da dadıblar. Musiqili proqram muğamın və elektron ritmlərin sintezi əsasında yaradılan unikal kompozisiya şəklində təqdim olunub. Bundan əlavə, tədbir iştirakçıları gənc və istedadlı musiqiçi Elreinin ifasından zövq alıblar.

Heykəltaraş Teymur Qəribov kitab üçün kristal formasında xüsusi altlıq hazırlayıb, illüstrasiyalar isə rəssam Orxan Hüseynova məxsusdur.

Tədbirdən sonra hər bir qonağa kitab, həmçinin xanəndə Alim Qasımovun ifası və pianoçu İsfar Sarabskinin bəstəsindən ibarət musiqi albomu, “Nargis” jurnalının iyun buraxılışı, poster və açıqcalar hədiyyə olunub.

“Əlifba: A Cultural Alphabet” kitabını tezliklə Berlinin kitab mağazalarında da əldə etmək mümkün olacaq.

Qeyd edək ki, “Əlifba: A Cultural Alphabet” layihəsi 2019-cu ildə İstanbulda keçirilən təqdimat ilə başlayıb. Kitabın birinci buraxılışı Azərbaycan, türk, ingilis və rus dillərində təqdim olunmuşdu.