Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində növbəti konsert proqramı (19 iyun) olub.
“17:00 Musiqi dinləmə vaxtıdır” adlı konsertdə Əməkdar artistlər İnarə Babayeva (vokal), Əyyub Əliyev (violonçel), Zülfiyyə Sadiqova (piano), Nurlan Gəncili (qaboy) dünya bəstəkarlarının yaradıcılığından seçmələri ifa ediblər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İnarə Babayeva budəfəki konsertdə yalnız ingilisdilli repertuarla çıxış edib. O, musiqi üçlüyünün müşayiəti ilə bir neçə ingilis xalq mahnısı, Eduard Elqar, Bencamin Britten, Siril Meir Skott kimi məşhur ingilis bəstəkarlarının nəğmələrini oxuyub. Qeyd edək ki, vokalçının repertuarına daxil etdiyi bu əsərlər Azərbaycanda ilk dəfə səsləndirilib.