Vyanada Tofiq Əhmədovun 100 illiyinə həsr olunmuş konsert

 

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli caz musiqiçisi, instrumental ifaçı, bəstəkar, uzun illər Azərbaycan Televiziya və Radiosu Estrada simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru olmuş Xalq artisti Tofiq Əhmədovun (1924–1981) 100 illiyinə həsr olunmuş konsert keçirilib.

“Musiqi sevinc bəxş edir” (“Musik macht Freude – MmF”) adlı yubiley konserti Vyanadakı eyniadlı musiqi məktəbi (Musikschule MmF) tərəfindən “Culture Meeting Point” mədəniyyət təşkilatı, şəhər meriyası, “Sun Dance Company” rəqs studiyası və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Tədbirin əvvəlində “Musik macht Freude” musiqi məktəbinin və “Culture Meeting Point” mədəniyyət təşkilatının musiqi rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fərəh Tahirova qonaqları salamlayaraq T.Əhmədovun Azərbaycan caz musiqisinin inkişafındakı rolundan bəhs edib.

Qeyd edilib ki, Şərqlə Qərb arasında musiqi mübadiləsi və mədəni körpü rolunu oynayan, Avstriya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına yönələn konsert proqramında T.Əhmədovun əsərləri ilə yanaşı, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin, məşhur Avstriya və Avropa bəstəkarlarının əsərlərinə də yer verilib.

Konsert uşaqların T.Əhmədovun yaradıcılığı haqqında maraqlı təqdimatları ilə müşayiət olunub, sənətkarın bəstələri və fotoları təqdim edilib.

Musiqi məktəbi və şəhər gimnaziyaları şagirdlərinin, “Sun Dance Company” rəqs studiyası tələbələrinin ifaları gecənin qonaqları tərəfindən maraqla qarşılanıb.

Beynəlxalq fortepiano müsabiqələrinin laureatı, gənc pianoçu və bəstəkar, Vyana Dövlət Operası xorunun solisti Norbert Ebner T.Əhmədovun “Güldür məni” (“Give me a smile”) mahnısını, həmçinin musiqiçinin yubileyinə həsr olunmuş “Günəşli vals”ı ifa edib.

Gecədə Vyanada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının nümayəndələri, Azərbaycanın Vyanadakı səfirliyinin əməkdaşları, avstriyalı musiqiçi və alimlər, Tofiq Əhmədovun ailə üzvləri iştirak ediblər.