Prosesi media mənsubları da izlədilər

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin qəbul imtahanları keçirilir.

Bu il vətəndaşların rahatlığı üçün ilk dəfə olaraq imtahanlar mərkəzləşdirilmiş qaydada təşkil edilir. Şəffaflığı təmin etmək məqsədilə qəbul imtahanlarının fərdi qaydada videoqeydiyyatı da aparılır.

20-30 iyun tarixlərini əhatə edən imtahanlar paytaxtımız üzrə Bakı Xoreoqrafiya Akademiyasında (BXA) keçirilir.

İlk dəfə vahid elektron qəbul sistemi ilə qeydiyyatdan keçmiş namizədlər əyani şəkildə reallaşan imtahanlarda iştirak edirlər. Ümumilikdə 16280 nəfər elektron qeydiyyatdan keçib. Onlardan 4167 nəfəri Bakı şəhəri üzrə məktəblərə qəbul üçün müraciət edənlərdir.

Tətbiq edilən bu yeni yanaşma mədəniyyət təhsili sahəsində həyata keçirilən islahatların vacib elementidir. Musiqi və incəsənət məktəblərinə qəbulun elektronlaşdırılması və qabiliyyət imtahanlarının vahid məkanda aparılması şəffaf qiymətləndirmə, vətəndaş məmnuniyyəti və zamana qənaət baxımından əlverişlidir.

Şagird seçiminin bu müstəvidə aparılması həm də musiqi və incəsənət məktəblərinin real imkanlarını ölçmək və şagirdlərin təhsil göstəricilərini daha dəqiq qiymətləndirmək imkanlarına görə əhəmiyyətlidir.

Xatırladaq ki, imtahanın nəticəsi barədə bütün imtahanlar yekunlaşdıqdan sonra üç iş günü ərzində şəxsi kabinet, elektron poçt və ya SMS məlumatlandırma xidməti vasitəsilə namizədə (18 yaşa çatmayanların valideyninə və ya qanuni nümayəndəsinə) bildiriş göndəriləcək.

***

İyunun 24-də Bakı Xoreoqrafiya Akademiyasında imtahan prosesi ilə tanış olmaq məqsədilə media nümayəndələri üçün infotur təşkil edildi.

Tədbirdə media nümayəndələri ilə yanaşı, mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirin müşaviri Cəsarət Valehov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Xalq artistləri, tarzənlər Ramiz Quliyev, Elçin Həşimov və digər qonaqlar iştirak edirdilər.

Qonaqlar əyani şəkildə imtahan mərhələsinin gedişatı ilə tanış oldular. Onlara imtahan prosesi və iştirakçılar barədə məlumat verildi.

Jurnalistlərə açıqlama verən Xalq artisti Firəngiz Əlizadə qeyd etdi ki, istedadlı uşaqlarla görüşmək insana həmişə gözəl təsir bağışlayır: “Biz infotur zamanı imtahanların keçirilməsinə nəzər yetirdik. Gördük ki, bu uşaqlar piano, xoreoqrafiya və digər ixtisaslar üzrə oxumaq istəyi ilə gəliblər. Biz onların hamısına müvəffəqiyyətlər arzu edirik. İstəyirik ki, istedadlı uşaqlarımız musiqi savadına yiyələnib gələcəkdə ölkəmizin tanınmış simaları olsunlar”.

Görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev qəbul imtahanın əhəmiyyətini vurğuladı: “Mən bu gün bir daha şahidi oldum ki, Azərbaycan mədəniyyətinin böyük dəyəri var. İstedadlı yeni nəsil Azərbaycan musiqisinin parlaq sabahıdır”.

Xalq artisti, tarzən Elçin Həşimov imtahan prosesinin şəffaf və obyektiv aparıldığını dedi: “Əvvəlki illərdən fərqli olaraq, bu il ilk dəfə imtahanlar mərkəzləşdirilmiş şəkildə aparılır. Bu, doğrudan da, çox təqdirəlayiq haldır. Düşünürəm ki, növbəti illərdə biz bunun bəhrəsini görəcəyik. Mədəniyyət Nazirliyinin bu təşəbbüsü və builki qəbul Azərbaycan musiqi və incəsənətinə gözəl adlar, simalar bəxş edəcək”.

Əməkdar artist, kamança ifaçısı Elnur Əhmədov imtahanların yeni formatda təşkilinə görə Mədəniyyət Nazirliyinə təşəkkür etdi: “Biz infotur zamanı fidan balalarımızın şəffaf şəkildə qəbul imtahanlarında iştirakının şahidi olduq. Mən bir anlıq öz uşaqlıq illərimə qayıtdım. İnanıram ki, bugünkü imtahan verən fidan balalarımız musiqi mədəniyyətimizdə və incəsənətimizdə öz layiqli yerlərini tutacaqlar. Onların içərisində yaxşı tarzənlər, kamança ifaçıları da olacaq”.

İmtahan komissiyasının üzvü Rüfət Həsənov jurnalistlərə açıqlamasında imtahanların vətəndaşlarımızın rahatlığı ilə yanaşı şəffaflığı da təmin edəcəyini vurğuladı: “Bu imtahan mərhələsi üçün komissiya yaradılıb. İmtahanlar çox yüksək səviyyədə keçirilir. Düşünürəm ki, bu uşaqların içərisindən gələcəkdə tanınmış musiqi xadimləri yetişəcək”.

Nurəddin