Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Binəqədi Mərkəzi Mədəniyyət Evinin təşkilatçılığı ilə N saylı hərbi hissədə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər hərbi hissənin şəxsi heyətini bayram münasibətilə təbrik edərək Silahlı Qüvvələr Gününün yaranma tarixindən danışıblar.

Bədii hissədə Mədəniyyət evində fəaliyyət göstərən “Pöhrə” rəqs qrupunun üzvləri və Ağadadaş Qurbanov adına Xalq teatrının üzvləri çıxış ediblər.

***

Baş idarənin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Ordusunun şanlı tarixi” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, Bakı Hərbi Kollecinin zabit və kursantları iştirak ediblər.

Öncə qonaqlar mərkəzin muzey bölməsində Ulu öndər Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlarla tanış olublar.

Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Bildirilib ki, Ümummilli lider  Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamına əsasən, Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yarandığı 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub və hər il bu bayram böyük təntənə ilə qeyd edilir.

Sonda Azərbaycan Ordusunun şanlı tarixindən bəhs edən film nümayiş olunub.