26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür
Ordum varsa, yurdum var. Nə qədər patetik səslənsə də, əslində, bu məşhur ifadə böyük bir gerçəyin təsdiqidir.
106 il əvvəl də Azərbaycanda Milli Ordu yeni qurulan milli dövlətin özünütəsdiqi üçün ən başlıca şərt idi. 1918-ci ilin 28 mayında bəyan edilən istiqlalın bütün ölkə ərazisində qələbəsini o təmin edə bilərdi. Təbii ki, dar gündə dadımıza çatan qardaşın köməyi ilə...
1918-ci il iyunun əvvəlində Şaumyanın başçılıq etdiyi “Bakı Komissarları Soveti” 20 minə yaxın döyüşçü ilə Cümhuriyyətə qarşı savaşa başlamışdı. İlk məqsəd Milli Hökumətin Tiflisdən Gəncəyə köçməsinə mane olmaq idi. Buna nail olmadılar. Osmanlının beşinci diviziyası (Qafqaz diviziyası) Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçərək Gəncəyə gəlib çıxdı və şəhərdə əmin-arxayınlığı təmin etdi.
İyunun 16-da Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət Tiflisdən Gəncəyə köçdü. İyunun 26-da isə Nazirlər Şurası ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etdi. Keçmiş çar ordusunda general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman korpusu əsasında Milli Ordunun təməli qoyuldu.
Azərbaycan milli korpusunun və Osmanlının beşinci diviziyasının birləşmiş qüvvələri (Qafqaz İslam Ordusu) Nuru paşanın komandanlığı altında Gəncədən Bakıya zəfər yürüşünə başladı. İki ay yarım sürən qəhrəmanlıq yolu sentyabrın 15-də Bakının azad edilməsi ilə yekunlaşdı. Bu döyüşlərdə Azərbaycan və Osmanlı qoşunları ümumilikdə 4 mindən çox (o cümlədən türk hərbçilər 1130 nəfər) şəhid vermişdi...
***
1992-ci ildə Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi başlayanda da düşmənə cavab verəcək Ordu lazım idi. Torpaq uğrunda ölümə gedən minlərlə oğul vardı, bu yolda canlarını fəda etdilər. Amma torpağı qoruya bilmədik. Çünki nə dövlətin gerçək rəhbəri, nə də Ordunun komandanı vardı.
Heydər Əliyev 1993-cü ilin iyununda Azərbaycana rəhbərliyə qayıdandan sonra gerçək ordu quruculuğu başlandı. Lakin bu prosesə fundamental şəkildə başlamaq üçün ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, bu quruculuğun şah damarı olan iqtisadiyyatın bərpası zəruri idi.
Heydər Əliyev 1994-cü ilin mayında Qarabağ müharibəsində atəşkəsə nail oldu. Çünki o, Azərbaycan əsgərinin gerçək durumundan xəbərdar olduğu kimi, müzəffər ordu quruculuğu üçün nə etmək lazım olduğunu gözəl bilirdi. Sonrakı illərdə Azərbaycanda Silahlı Qüvvələrin ən müasir səviyyədə, o cümlədən qardaş Türkiyənin hərbi təlim və kadr hazırlığında köməyi sayəsində yenidən qurulması üçün atılan ardıcıl addımlar bunu bir daha təsdiqlədi...
***
“Ordunun güclənməsi üçün nə lazımdırsa, biz bundan sonra da edəcəyik. Çünki Azərbaycan müharibə şəraitində yaşayır və müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə biz güclü ordu yaradırıq. Əlbəttə, biz sülh danışıqlarını davam etdirəcəyik. Ancaq, eyni zamanda, güclü ordunun yaranması həm də bizə imkan verir ki, biz istənilən yolla ədaləti bərpa edək və öz doğma torpaqlarımızı işğalçılardan azad edək...”.
Ali Baş Komandan İlham Əliyev bu sözləri 2008-ci ilin 26 iyununda, Azərbaycan Silahlı Qüvvələrinin Birinci Qarabağ müharibəsindən sonra, atəşkəs dövründə keçirilən ilk paradında demişdi.
Atəşkəsin 14 ili arxada qalmışdı, irəlidə hələ neçə belə illər vardı. Eyni zamanda bir gerçək bəlli idi: hərblə zəbt olunmuş torpaqları yalnız real hərbi güc sayəsində geri almaq olar. Sonra 2016-cı ilin apreli gəldi. Dördgünlük döyüşlərdə düşmən bu gücü ilk dəfə gördü...
***
Nəhayət, 2020-ci ilin 27 sentyabrı gəldi. Bu tarix milli yaddaşda bir həqiqət anı, qırılma nöqtəsi idi. Bundan sonra geri dönüş olmazdı.
Ali Baş Komandanın söylədiyi kimi: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir...”.
44 gün sonra tarixi Zəfər günü də yetişdi...
Bundan sonra milli şan-şərəf salnaməsinə yazılacaq bir tarix – son həmlə qalmışdı. 2023-cü ilin 23 saatlıq (19–20 sentyabr) hərbi əməliyyatı ilə Azərbaycan külli Qarabağda suverenliyini tam və qəti şəkildə bərqərar etdi.
Bundan sonrasını da tarix yazacaq.
Ali Baş Komandan İlham Əliyevin 2023-cü ilin 8 noyabrında Xankəndinin mərkəzi meydanında Zəfər paradında dediyi kimi: “Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz!...”
Ordum var – yurdum var! Xalqımız Ordusu ilə hər zaman qürur duysun!...
Vüqar Orxan