Prezident İlham Əliyevin 25 iyun tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib.
Qeyd edək ki, Natiq Qasımov Birinci Qarabağ müharibəsi zamanı (1992) altı nəfər döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına mühasirədə qalıb və sonra əsir götürülərək qətlə yetirilib.
Dövlət başçısının digər sərəncamı ilə bir qrup hərbçi 3-cü dərəcəli “Rəşadət” ordeni, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Prezident həmçinin Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-leytenant” (1 nəfər) və general-mayor (2 nəfər) ali hərbi rütbələrinin verilməsi haqqında da sərəncam imzalayıb.