Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı keçilib.

Xətai rayon Heydər Əliyev parkında təşkil olunan konserti şəhid ailələri, qazilər, rəsmilər, Vətən Müharibəsi Qəhrəmanları, ziyalılar, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Milli Müdafiə Universitetinin kursantları izləyiblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səhnədə quraşdırılmış böyük ekranda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı kadrlar nümayiş etdirilib.

Konsert proqramında tanınmış incəsənət ustalarının ifasında vətənpərvərlik ruhlu musiqi nömrələri təqdim olunub. Bayram konserti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.