Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrının kollektivi 25-28 iyun tarixlərində ölkəmizdə səfərdədir.
Teatrın direktoru Usmanatdin Mambetaliyevin başçılıq etdiyi heyət iyunun 25-də Azərbaycan Dövlət Kukla Teatrında olub.
Görüşdə qarşılıqlı olaraq hər iki teatrın tarixi və fəaliyyəti haqqında məlumat verilib. Sonra iki sənət ocağı arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədə qonaq teatrın direktoru Usmanatdin Mambetaliyev və Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə imza atıblar.
Sənəddə qarşılıqlı qastrol səfərlərinin təşkili, ustad dərsləri, müştərək tamaşaların hazırlanması, habelə yaradıcı heyətin təcrübə mübadiləsi və digər məsələlər əksini tapıb.
Sənəd üzrə ilk olaraq Özbəkistanda azərbaycanlı rejissorun, Azərbaycanda isə özbək rejissorun quruluşunda milli dramaturgiya nümunələri əsasında tamaşaların hazırlanması barədə razılıq əldə edilib.
Qeyd edək ki, qonaq kollektivin səfər proqramına uyğun olaraq, qaraqalpaqlı kuklaçıların təqdimatında iyunun 27-i saat 14:00-da Azərbaycan Dövlət Kukla Teatrında “Saray içindəki möcüzə” tamaşa-konserti nümayiş olunacaq. Tamaşaya giriş sərbəstdir.