Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki Yunus Əmrə İnstitutunda Şuşa şəhərinin tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Tədbir “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının tərəfdaşlığı ilə həyata keçirdiyi “Malayziyadan görünən Şuşa” layihəsi çərçivəsində baş tutub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşıb.
Tədbiri Yunus Əmrə İnstitutunun direktoru Ömər Altun açaraq, xalqlar arasında mədəni mübadilənin əhəmiyyətindən danışıb, Şuşanın tarixi ilə bağlı müzakirənin Yunus Əmrə İnstitutunda keçirilməsindən qürur duyduğunu bildirib.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva Şuşanın keşməkeşli tarixi haqqında məlumat verib və 30 ilə yaxın erməni işğalı altında qalan şəhərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi tarixindən danışıb.
Daha sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İctimai Televiziyanın hazırladığı “Şuşanın dağları başı dumanlı” bədii-sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Nəsimi Məmmədoğludur.
Tədbirdə Malayziya Universitetinin professoru Şanmuqam Krişnavani Şuşa şəhəri haqqında fikirlərini bölüşüb. O, aparılan müzakirələrdən, eləcə də Şuşa haqqında filmdən Şuşanın gözəl və güclü şəhər olduğunu anladığını qeyd edib və bildirib ki, üzləşdiyi bütün çətinliklərdən qalib çıxan şəhərin tarixi insanlara həyat dərsi verir.
Professor ilk imkan yaranan kimi Şuşanı ziyarət edəcəyini bildirib.
Türkiyənin Malayziyadakı baş konsulu Tolqa Uçak Şuşanın qürur şəhəri olduğundan danışıb, Şuşanın tarixinin film vasitəsilə belə əyani görməyin və göstərməyin əhəmiyyətini qeyd edib.
Filmi izləyənlər Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzi olan Şuşa şəhəri haqqında fikirlərini bölüşüblər.
Tədbirdə Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanov, səfirliyin əməkdaşları, tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.
Tədbir iştirakçılarına araşdırmaçı-jurnalist Vasif Quliyevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ingilis dilində nəşr etdirilmiş “Şuşa qalası” tarixi-etnoqrafik broşürlər dəsti hədiyyə olunub.