Azərbaycan Milli İncəsənət Muzeyində “1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyasının açılışı (5 iyun) barədə xəbər vermişdik. Tarixi xronikalı sərgilər həm də keçmişə, müəlliflərin yaşadığı, eyni zamanda tamaşaçıya ötürülən hiss və duyğulara bir yolçuluqdur. Elə bu düşüncələrlə Milli İncəsənət Muzeyinə çatıram. Mühafizə xidməti səmimi qarşılayıb muzeyin mətbuat xidmətindən Günay Əsgərovaya xəbər edir. Qısa hal-əhvaldan sonra muzeyin bələdçisi Firuzə Ağayevanın müşayiəti ilə yeni ekspozisiyanı gəzirik.
Ötən əsrdəki yeni quruluşun ilk illəri
Burada hər bir tablo tarixin səhifəsidir, ötən illərin, keçən dövranın təfərrüatını açır bizə. Rəssamlıq sənəti ustadlarının əl izləri, sevgisi, sənət dünyası boylanır tablolardan. Bu əsərlərin divardan asılmış cansız bir əşya olduğuna baxmayın, onların da dili var. Rəng dili, üslub dili, dövr dili. 1920–1980-ci illərdə Azərbaycan rəngkarlığı və qrafika sənətlərinin keçdiyi inkişaf yolu, görkəmli sənətkarların özünəməxsus yaradıcılıq dünyası ilə dolğun şəkildə tanış ola bilirsən bu ekspozisiyada.
157 ədəd rəngkarlıq, qrafika, heykəltaraşlıq və keramika nümunəsi... Bu, 157 düşüncə, bir o qədər də sənətkar baxışı deməkdir.
İlk zala daxil olanda 1920-ci ildə Azərbaycanda baş verən siyasi hadisələr, tarixi məqamların rəssamlarımızın yaradıcılığında da öz əksini tapdığını görürük. Burada yeni quruluşun – “fəhlə-kəndli hökuməti”nin guya diqqətdə saxladığı, qəhrəman imici geyindirdiyi fəhlələrin, kolxozçuların obrazları görünür.
Ələkbər Rzaquliyevin əsərləri önündə dayanırıq. Rəssam sovet ideologiyasını qəbul etmədiyinə görə ömrünün 30 ilə yaxınını sürgündə keçirib. Onun kətan üzərində yağlı boya ilə iki əsəri diqqəti çəkir. Bu əsərlərdə miniatür sənəti elementləri aydınca görünür. Çoxfiqurlu, kompozisiyalı “Güləşçilər” əsəri də maraq doğurur. Bu məqamda rəssamla bağlı vacib bir məqamı xatırlayıram: “Həyatın ağır zərbələrini alan Ələkbər Rzaquliyev ömründə cəmi iki rəngli şəkil çəkib – “Azərbaycanlı qız” və “Güləşçilər”... Qalanları iki rəngdədir: ağ və qara... Lap öz həyatı kimi...”.
Birinci zalda Salam Salamzadə, Rüstəm Mustafayev, Əli Rasim Muxtarov, Reyhan Topçubaşova, Qəzənfər Xalıqov, Sadıq Şərifzadə, Davud Kazımov kimi rəssamların da yaradıcılığı nümayiş etdirilir. Rüstəm Mustafayevin 30 illik ömrə sığan sənət rəngləri. Onun yaratdığı portretlərdə obrazların öz daxili dünyası maraq doğurur. Azərbaycan təsviri sənətində dahi Nizami Gəncəvinin obrazını ilk dəfə yaradan Qəzənfər Xalıqov. Ekspozisiyada rəssamın “Firdovsinin dəfni” və digər əsərləri nümayiş olunur.
Sərgidən bütün əsərləri şərh etmək fikrim olmadığı üçün müəyyən detallar və əsərləri yada salıram. Məsələn, “Firdovsinin dəfni” əsərinə diqqət edək. Əsrlər, qərinələr keçir, amma insanlar dəyişmir ki, dəyişmir. Bu əsər bizə insanlığı, insana qiymət verməyi, Xalq şairi Cabir Novruzun “Tələsin, insanlar” şeirini yada salır. Əsər həyat və ölüm arasındakı məsafənin nə qədər qısa olduğunu sanki qulağımıza pıçıldayır. Bütün bu duyğulara köklənmişkən rəssamın “Qadın şurası” əsəri düşüncələrimizi büsbütün dəyişdirir. Məlum olduğu kimi, sosializm quruluşu qadınların hüquqlarını bərpa etməsi, onları ağ günə çıxarması ilə öyünürdü. Bu əsər də sosialist inqilabının gətirdiyi dəyişiklikləri göstərir.
İndi isə Reyhan Topçubaşovanın “Toy” əsərinin qarşısındayıq. Fırça ustası unudulmaqda olan bir sıra milli-adət ənənələrimizi bu əsərində verməyə çalışıb. Əsərin kolorit zənginliyi tamaşaçıda xoş əhval yaratmaqla bərabər, Azərbaycan qadınlarının milli geyim nümunələri barədə də təsəvvür oyadır.
Əmək mövzusunun önəmli yer tutduğu dövrü əks etdirən əsərlərin nümayiş olunduğu məkana keçirik. Bu hissədə həm də Azərbaycan rəssamlarının yaradıcılıq ezamiyyələri zamanı ərsəyə gələn sənət nümunələri öz füsunkarlığı ilə diqqəti çəkir. Mənzərə janrında olan bu əsərlərin hər biri kətan üzərində bölgənin təbiət gözəlliklərini əks etdirir. Rəssamlar mənzərə janrında olan tablolarda həm də zəhmətkeşlərin əmək şəraitini, onların yaşam tərzlərini göstəriblər. Sadıq Şərifzadənin fırçasından çıxışmış əsərlər bu mənada fikrimizi daha da qüvvətləndirir. Keçirik Salam Salamzadənin əsərlərinə. İlk olaraq zavod fəhlələrinin obrazlarını görürük. Yaradıcılığında tematik tablolar üstünlük təşkil edən istedadlı fırça ustası portret və mənzərə rəsmləri ilə də böyük tamaşaçı marağı qazanıb. Rəssam təsviri sənətdə Azərbaycan modernizminin tanınmış nümayəndələrindən hesab edilir.
Zəriflərin rənglər dünyası
Ekspozisiyanın ikinci zalı bütünlüklə qadın rəssamlarımıza həsr olunub. Maral Rəhmanzadə, Xalidə Səfərova... M.Rəhmanzadə Neft Daşlarını ilk dəfə kətana köçürən xanım rəssamdır. Onun Qubanın Xınalıq kəndini əks etdirən əsərləri, xüsusilə, diqqəti çəkir. Rəssam yaradıcılığında qrafik əsərlərə də üstünlük verib.
X.Səfərovanın əsərlərinin önündəyik. Sanki bir film izləyirik. Burada da sosializm ideologiyası bariz görünür. Azərbaycan qadınlarının iş prosesi rəsmlərə köçüb. Amma bu proses sanki kino lentidir. Seyrçi sanki rəngli bir filmi izləyirmiş kimi donub qalır bu əsərlər önündə. Ümumilikdə ideoloji əsərlərin hər birində zəhmətkeşlər çox xoşbəxt təqdim olunur. Görkəmli fırça ustası Tahir Salahova qədər biz zəhmətkeşlərin yorğun simasına rəssamlarımızın az sayda əsərində rast gələ bilərik.
Gənc rəssamlar üçün qiymətli qaynaq
Daha sonrakı mərhələlər isə mövzu və üslub müxtəlifliyi ilə seçilən ayrı-ayrı tanınmış rəssamların – Səttar Bəhlulzadə, Kamil Xanlarov, Toğrul Nərimanbəyov, Nadir Əbdürrəhmanov, Böyükağa Mirzəzadə və Tahir Salahovun yaradıcılığı ilə təmsil olunur. Burada həmçinin ekspozisiya mövzuları ilə səsləşən, müəllifləri görkəmli heykəltaraşlar Mirəli Mirqasımov, Ömər Eldarov, Həyat Abdullayeva, Elmira Hüseynova, Xanlar Əhmədov olan əsərlər yer alır.
Ekspozisiyanı həm də milli qrafika sənətinin formalaşmasına böyük töhfələr vermiş Bəhruz Kəngərli, Əzim Əzimzadə, Elmira Şahtaxtinskaya, Mikayıl Abdullayev, Sənan Qurbanov kimi özünəməxsus dəst-xəttə malik rəssamların müxtəlif janr və texnikalarda yaratdıqları silsilə əsərlər təşkil edir. Maraqlı məqamlardan biri ekspozisiyada Azərbaycan dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin rəsm albomunun və yaratdığı natürmort əsərində əksini tapmış mürəkkəbqabının ilk dəfə nümayiş olunmasıdır.
Ekspozisiyada XX əsrin müxtəlif onilliklərində ərsəyə gəlmiş, qrafik əsərlərlə həmahənglik yaradan Yelena Orbeliani, Zivər Məmmədova, Həyat Abdullayeva, Rasim Xələfov, Telman Zeynalov, Oqtay Şıxəliyev, Liya Ağamalova, Həsənağa Ələsgərov, Saleh Məmmədov kimi tanınmış müəlliflər tərəfindən işlənilmiş keramik fiqurlar və dekorativ boşqablar da sərgilənir.
Dövrün ideologiyası, vətən sevgisi, tarixə baxış rəssamlarımızın əsərlərində əsas mövzulardır. 1980-ci illərin sənət xronikasında biz sovet dönəminin səhnədən getməsinin təzahürlərinə də şahidlik edirik.
Sərgi sahəsini gəzərkən bələdçimiz ekspozisiyanın daimi olacağını deyir. Bu da məni çox sevindirir. Çünki böyük bir tarixi epoxanın məhsulu olan əsərlərin davamlı nümayişi bütün ziyarətçilərdə adıçəkilən dövrün təsviri sənət mənzərəsi barədə dolğun təsəvvür yaradacaq. Bu ekspozisiya həm də gənc rəssamlarımız üçün dəyərli qaynaqdır. Onlar bu sərgini izləməklə həm sənət sələflərinin irsi ilə tanış olacaq, həm də müxtəlif üslubların inkişaf tarixini izləmək, paralellik aparmaq imkanı qazanacaqlar.
Təəssürata gəlincə...
Əslində, sərgini zaman maşını da adlandırmaq olar. Amma burada bir siyasi quruluş, dövran tərənnüm edilmir, sadəcə, əməyin, zəhmətin, hiss və duyğuların tərənnümü var. Bu gün təsviri sənətdə belə mövzularla, demək olar ki, heç rastlaşmırıq.
Sərgidə tamaşaçılar müəlliflərin bədii axtarışları və onların yaradıcı ifadə variantları ilə tanış olacaqlar. Buradakı əsərlərdə sovet dövrünün gənc kənd qadınları, uşaqlı anaların, eləcə də yeniyetmələrin obrazları öz hiss və yaşantılarının səmimiliyi ilə tamaşaçıları valeh edir. Mənzərə janrında əsərlərdə isə şəhərlərin enerjisi və meşələrin sükutu, səmanın heyranedici mavi üfüqü və suyun üzərində günəş işığının parıltısı var. Bütün bunlar rənglərin sehrindən çıxan bir sirli dünyadır.
Biz sərgidə həm də nəyi müşahidə edirik? Rəssamlar öz xarakterlərinə və yaratdıqları obrazlara həssasdırlar. Müəlliflərin yaratdığı dünya özünü bizə parlaq arxayınlıq kimi göstərir. Bu isə ideoloji yönümdə dövrün elan edilmiş təlimatlarına tam uyğundur. Bütün bu sadaladığımla yanaşı, əsərlər seyrçini estetik gözəlliyi ilə də valeh edir. Elə bu heyranlıqla da sizlərə sərgini mütləq ziyarət etməyi məsləhət bilirəm.
Lalə Azəri
Foto: Həbib Hüseynov