Azərbaycan maarifçiləri XIX əsrin ikinci yarısında cəmiyyətdəki savadsızlıq, gerilik və ziddiyyətlərin aradan qaldırılması üçün böyük səy göstərirlər. Onlar bu vəziyyətdən çıxış yolunu məhz xalqın maariflənməsində görürdülər. Həmin dövrdə xalqımızın öndə gedən ziyalılarından biri də Həsən bəy Zərdabi idi. Onun təsis etdiyi “Əkinçi” qəzeti ilə cəmiyyətimizdə maarifçilik meyilləri geniş vüsət aldı və milli özünüdərkin yeni mərhələsi başlandı. Görkəmli maarif və mətbuat xadimini anadan olmasının 182-ci ildönümü münasibətilə yada salırıq.

Həsən bəy Səlim bəy oğlu Məlikov 28 iyun 1842-ci ildə Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab rayonu) maarifpərvər ailədə anadan olub. İlk təhsilini kənddəki mədrəsədə alır. Ərəb və fars dillərini öyrənir. Sonra Şamaxı şəhərində yeni açılan rus məktəbində təhsilini davam etdirir. Məktəbi bitirmək üçün imtahan verən zaman Qafqaz Təhsil Komissiyasının müdiri baron Nikolayın diqqətini çəkir. Baron onun dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərilməsini təklif edir. Beləliklə, gənc Zərdabi istedadlı bir gənc kimi dövlət hesabına I Tiflis gimnaziyasına qəbul olunur. 1860-cı ildə gimnaziyadan məzun olan Həsən bəy Moskva Universiteti Fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq şöbəsində təhsil almağa başlayır.

1865-ci ildə Moskva Universitetini əla qiymətlərlə bitirdiyinə və nümunəvi tələbə olduğuna görə Elmi şuranın qərarı ilə ona təbiət elmləri namizədi alimlik dərəcəsi verilir. Hətta ona kafedrada qalıb işləmək təklif olunur. Ancaq onun məqsədi əldə etdiyi savad və təcrübəni doğma Vətənində təhsilin, elmin, mədəniyyətin inkişafına sərf etmək idi. Beləliklə, o, Azərbaycana qayıdır. Bir müddət Bakıda müxtəlif işlərdə çalışır. Qubada barışıq məhkəməsinin katibi olur. Sonra Şamaxıda şəxsi vəkilliklə məşğul olur. 1869-cu ildə Bakı real gimnaziyasında təbiət tarixi fənnini tədris edir. 1872-ci ildən Azərbaycanda ilk “Xeyriyyə cəmiyyəti”nin əsasını qoyur. 1873-cü ilin 10 mart tarixində Əsgər ağa Gorani ilə birlikdə gimnaziyada M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşasını təşkil edir. Bununla da Azərbaycan peşəkar milli teatrının əsası qoyulur.

Araşdırmalarda qeyd edilir ki, təbiətşünas alim kimi tanınan H.Zərdabi öz ixtisası ilə əlaqədar dövri mətbuatda maraqlı, maarifləndirici məqalələr dərc etdirir. Müəllifin “Torpaq, su və hava”, “Sümük, ət, beyin”, “İnsan bədəninin florası”, “Orqanizmin yoluxucu mikroblara qarşı mübarizəsi”, “Sərxoşluğa qarşı peyvənd” və s. məqalələri maarifçi mühitdə maraqla qarşılanıb.

Həmin dövrdə ana dilində mətbu orqanın olmaması Həsən bəyi çox düşündürürdü. O, Azərbaycan dilində qəzet nəşr etmək üçün hökumətə müraciət edir. Bununla əlaqədar xeyli zəhmətə qatlaşır. Nəhayət, 22 iyul 1875-ci ildə Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olur. 29 sentyabr 1877-ci ilədək “Əkinçi” qəzeti ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Maarifçi və demokratik ideyalar carçısı olan “Əkinçi” realist Azərbaycan ədəbiyyatının inkişafına da öz töhfəsini verir. Elə buna görə də belə bir tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox davam gətirə bilmir. Çünki bu qəzet kənd camaatının ağır güzəranını aydın şəkildə oxucuya çatdırırdı... Nəhayət, “Əkinçi” qəzeti bağlanır. Ancaq ilk anadilli qəzetimiz özündən sonra ənənələri bu gün də davam edən işıqlı bir mətbuat yolu açmış olur.

H.Zərdabi Bakı realnı məktəbində işə düzəlir. Ancaq gərgin və çətin bir şəraitdə işləyir. Çar məmurları onu davamlı təqib edir. Evində belə rahat buraxmırlar. Ümumiyyətlə, onu Bakıdan uzaqlaşdırmağa çalışırlar. 1878-ci ildə Zərdabidən qəti surətdə tələb olunur ki, Rusiyanın Yekaterinodar (indiki Krasnodar şəhəri) gimnaziyasına tərbiyəçi getsin, ya da istefaya çıxsın. Zərdabi vəziyyəti nəzərə alaraq, müdiriyyətə məktəbdən azad edilməsi barədə ərizə ilə müraciət edir.

O, 1880-ci ildə doğma Zərdab kəndinə dönür. 16 il kənddə yaşamalı olur. Mühafizəkarların fitnə-fəsad və acı tənələrinə mərdliklə sinə gərir. Eyni zamanda maarifçilik fəaliyyətini də davam etdirir. Dövri mətbuat səhifələrində tez-tez çıxışlar edir. Böyük bir fasilədən sonra – 1896-cı ildə uşaqlarının təhsili ilə bağlı  Bakıya dönür. “Kaspi” qəzetində işə düzəlir. Bir müddət sonra Bakı Şəhər Dumasına deputat seçilir. Maarif komissiyasının üzvü olur. O, dumanın iclaslarında şəhərin uzaq məhəllələrində məktəb və xəstəxana açılması məsələsini qaldırır. Çox vaxt da məsələlərin müsbət həllinə nail olur. Həmin dövrdə Azərbaycanda məktəblərin sayı xeyli artır. Həsən bəy məktəblərdə ana dilində tədrisə geniş yer verilməsi üçün də səy göstərir. Eyni zamanda Bakıdakı xeyriyyə cəmiyyətlərinin işində də yaxından iştirak edir.

Milli mesenat Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi və H.Zərdabinin məsləhəti ilə 1901-ci ildə Bakıda Aleksandra Fyodorovna adına rus-müsəlman qadın məktəbi (“Tağıyev qızlar məktəbi”) açılır. Bununla da böyük maarifçinin daim arzuladığı və illərlə uğrunda mübarizə apardığı azərbaycanlı qızlar üçün təhsil müəssisəsi açmaq ideyası reallaşır. O, 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilən birinci qurultayının işində yaxından iştirak edir. Təşəbbüsü ilə Bakıda müəllimlərin II qurultayı da çağırılır.

H.Zərdabi həm də xalq yaradıcılığının bilicisi kimi tanınıb. Xalqın mənəvi inkişafında və dünyagörüşünün formalaşmasında aşıq sənətinin rolunu yüksək dəyərləndirib. Aşıqların repertuarında tarixi mahnıların olmasını vacib hesab edib. El nəğmələrinin insanın ruh və əxlaqına təsirini dərk edən ziyalı 1901-ci ildə “Türk nəğmələri məcmuəsi”ni nəşr etdirir. Uşaqları elmə, təhsilə və tərəqqiyə həvəsləndirmək məqsədilə xalq mahnılarını toplayır. Bu mahnılar 1901, 1903 və 1909-cu illərdə çap olunur. Görkəmli maarifçi mahnılara hələ “Əkinçi” qəzetinin nəşri zamanında yüksək dəyər verirdi: “Əkinçi” qəzeti çıxanda o vaxtın şairlərindən təvəqqe etdim ki, bülbülü və gülü tərif, bir-birlərini həcv etməkdən əl çəkin. Elm təhsil etməyin nəflərindən və biz müsəlmanlara olan zülmlər barəsində şeirlər yazın. Onları bizim aşıqlara xoş sövt ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar”.

Azərbaycan maarifçilik hərəkatının öncüllərindən olan Həsən bəy Zərdabi 28 noyabr 1907-ci ildə Bakıda vəfat edib. Bakıda Bibiheybət qəbiristanlığında dəfn olunub. 1948-ci ildə Bakıda Fəxri xiyaban yaradılarkən böyük maarifçinin qəbri həmin xiyabana köçürülüb.

Savalan Fərəcov