Olaylar, faktlar (28 iyun – 2 iyul)
399 il əvvəl...
30 iyun 1625-ci ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1623–1639) gedişində Şah Abbasın qoşunları gürcü çarlıqlarının birləşmiş qüvvələrinə qalib gəlib, bölgəni yenidən nəzarətə götürüb. Gürcüstan uğrunda mübarizə aparan Osmanlı qoşunları bölgəni tərk edib. 1639-cu ildə imzalanan Qəsri-Şirin sülh müqaviləsinə görə, Osmanlı dövləti Cənubi Qafqazın Səfəvilərin hökmranlığı altında olmasını qəbul etdi.
157 il əvvəl...
1 iyul 1867-ci ildə Kanada dövlətinin yarandığı elan edilib. O vaxtadək Kanada ingilislərin tam müstəmləkəsi idi. Britaniya Parlamentinin qəbul etdiyi qanuna əsasən, Kanada dominion (Britaniya Kralının general-qubernator təyin etdiyi, amma faktiki müstəqil) dövlət statusu aldı. Kanadanın 4 vilayəti vardı və ərazisi indikinin üçdəbiri qədər idi.
110 il əvvəl...
28 iyun 1914-cü ildə Sarayevoda (Bosniyanın paytaxtı) Avstriya taxt-tacının vəliəhdi Frans Ferdinand serb millətçiləri tərəfindən qətlə yetirilib. Terror aktı “Mlado Bosna” qrupu tərəfindən həyata keçirilmişdi. Bu qətl I Dünya müharibəsinin başlanmasına bəhanə kimi tarixə düşüb. 1914-cü il avqustun 1-də Avstriya-Macarıstan Serbiya üzərinə hücum etdi, Rusiya Serbiyanın müdafiəsinə qalxdı, bunun ardınca Almaniya Avstriya-Macarıstanın tərəfində müharibəyə qoşuldu.
106 il əvvəl...
2 iyul 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr imzalayıb. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub. Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycanda “Polis günü” kimi qeyd olunur.
105 il əvvəl...
28 iyun 1919-cu ildə I Dünya müharibəsinə (1914–1918) rəsmən son qoyan Versal (Fransa) sülhü imzalanıb. Bu, əslində, Almaniyanın kapitulyasiyasına dair saziş idi. Almaniya Elzas-Lotaringiyanı Fransaya (almanlar onu 1870-ci ildə ələ keçirmişdi), Eypen bölgəsini Belçikaya, Poznanı və Qərbi Prussiyanın bir hissəsini Polşaya qaytarıb, Dansiq (Qdansk) və Memel (Klaypeda) şəhərlərinə müstəqil idarəçilik verməli olub (sonradan biri Polşaya, digəri Litvaya birləşdirildi). Şlezviq və Sileziyanın bir hissəsi Danimarka və Çexoslovakiyaya keçib. Bütövlükdə Almaniya 1914-cü ilədək olan ərazisinin 13 faizini itirib.
90 il əvvəl...
30 iyun 1934-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı yaranıb. Əslən Krım tatarı olan, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyən Asan Refatov ittifaqın idarə heyətinin sədri seçilib. O, Bəstəkarlar İttifaqına bir il rəhbərlik etdi, 1937-ci ildə repressiya olundu.
48 il əvvəl...
2 iyul 1976-cı ildə Vyetnamın cənubunda ABŞ işğalçılığının başa çatması ilə ölkə birləşib. Şimaldakı Hanoy şəhəri paytaxt olmaqla Vyetnam Sosialist Respublikasının yarandığı elan edilib. Cənubda amerikapərəst rejimin mərkəzi olmuş Sayqon şəhəri Xoşimin (Vyetnam kommunistlərinin lideri) adlandırılıb.
17 il əvvəl...
29 iyun 2007-ci ildə UNESCO-nun Dünya İrs Komitəsinin Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən 31-ci sessiyasında Qobustan Tarix-Bədii Qoruğu təşkilatın Dünya İrs Siyahısına daxil edilib.
Hazırladı: V.Orxan