Milli Azərbaycan Tarixi Muzeyində “Sübhnur” tədris mərkəzi ilə birlikdə Silahlı Qüvvələr Gününə həsr olunmuş “Canım Azərbaycanım” adlı tədbir keçirilib. Tədbirdə hərbçilər, qazilər, ictimai xadimlər və muzeyin əməkdaşları iştirak ediblər.

Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin əməkdaşı Aynur Babayeva, muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, “Sübhnur” tədris mərkəzinin təsisçisi və rəhbəri Gülnarə Hüseynova, mədəniyyət işçisi İradə Əlili, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Ramin Şirinov və başqaları çıxış ediblər.

Tədbirin bədii hissəsində tədris mərkəzi şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Gənc ifaçılar Mələk Məmmədova və Mirsahil Məmmədli muğamlarımızdan parçalar oxuyublar. 3 nömrəli Respublika xüsusi internat məktəbinin sağlamlıq imkanları məhdud uşaqlarının da çıxışları dinlənilib. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.