26 İyun – Silahlı Qüvvələr Günü bir qrup şəhid ailəsi üzvü Cəbrayıl və Zəngilan rayonlarında olub.
Səfər “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə gerçəkləşib.
Şəhid ailələrinin üzvləri Cəbrayıl rayonunda tarixi Xudafərin körpüsü önündə xatirə şəkilləri çəkdiriblər.
Zəngilan şəhər məscidində namaz qılınıb, dualar edilib. Qonaqlar Zəngilan Konqres Mərkəzinin timsalında rayonda görülən quruculuq işləri ilə və keçmiş məcburi köçkünlərin Ağalı kəndindəki həyat şəraiti ilə tanış olublar. Birinci Qarabağ müharibəsi Şəhidlərinin xiyabanı da ziyarət edilib.
Ağalı kəndində sakinlər və şəhid ailələrinin üzvləri üçün konsert proqramı təşkil olunub. Əməkdar artisti Sevinc Sarıyeva və müğənni Tural Salmanovun ifaları, vətənpərvərlik ruhlu mahnılar alqışlarla qarşılanıb.