Azərbaycan Respublikası ərazisində bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 27-də keçirilən iclasında qərar qəbul olunub.

İclasda “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” 2023-cü il 5 dekabr tarixli Qanunla əlaqədar olaraq bəzi seçki dairələrinin hüdudlarında dəyişiklik edilməsi məsələsinə baxılıb.

Komissiya sözügedən qanunu və Seçki Məcəlləsinin tələblərini əsas götürərək, habelə yerli və digər şərait nəzərə alınmaqla seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyini diqqətdə saxlayaraq 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adlarında qismən dəyişikliklər olunmasına qərar verib.

Qərara əsasən, yuxarıda qeyd edilən seçki dairələri müvafiq olaraq 96 saylı Goranboy-Naftalan, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 118 saylı Ağdam-Xocalı, 119 saylı Ağdam və 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi adlandırılıb.

Qeyd edək ki, ölkədə ümumilikdə 125 seçki dairəsi var və hər dairə üzrə Milli Məclisə bir deputat seçilir.