Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Badamdar, Balaxanı, Pirşağı Mədəniyyət evlərinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.

Badamdar qəsəbə Mədəniyyət evində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmləndirilməsindən, 44 gün ərzində əldə olunan tarixi Zəfərdən danışıblar.

Bədii hissədə Mədəniyyət evlərinin solistləri vətənpərvərlik ruhlu mahnılar səsləndiriblər.

***

Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan Ordusunun qurucusu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Suraxanı rayon təşkilatının üzvləri, qazilər, FHN Akademiyasının kursantları və başqa qonaqlar iştirak ediblər.

Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər Azərbaycan Ordusunun yaradılması tarixindən, Ümummilli lider Heydər Əliyevin dövlətçilik təcrübəsindən, uzaqgörən siyasətindən söz açıblar. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə ordu quruculuğu məsələlərinə xüsusi diqqət yetirib.

Ulu öndərin ordu quruculuğundakı xidmətlərindən və Silahlı Qüvvələr Günündən bəhs edən sənədli film nümayiş olunub.