27-30 iyun tarixlərində Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi ilə II Beynəlxalq Maqom (Muğam) Sənəti Forumu keçirilir.

80-ə yaxın ölkədən 400-dən çox qonağın iştirak etdiyi forumun məqsədi özbək milli maqom sənətinin nadir nümunələrini qoruyub saxlamaq, inkişaf etdirmək və beynəlxalq səviyyədə təbliğ etmək, eləcə də xalqlar arasında dostluğu və yaradıcı əməkdaşlığı genişləndirməkdir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə tanınmış incəsənət xadimləri, sənətşünas və gənc ifaçılardan ibarət nümayəndə heyəti forumda iştirak edir.

İyunun 27-də II Beynəlxalq Maqom Sənəti Forumunun açılış mərasimi olub.

Mərasimdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, UNESCO-nun 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku, ICESCO-nun baş direktoru Salim əl-Malik, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova, TürkPA-nın sədri Mehmet Sürəyya Ər, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, Tacikistan Prezidentinin köməkçisi  Abdullo Rahmonzoda, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov, MDB baş katibinin müavini Nurlan Seytimov, Asiya Regionu üzrə Beynəlxalq Folklor Təşkilatının baş katibi Mun Hön Suk və digər rəsmilər, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Prezident Şavkat Mirziyoyev çıxış edərək forum iştirakçılarını, o cümlədən beynəlxalq təşkilatları və ayrı-ayrı ölkələri təmsil edən fəxri qonaqları adbaad salamlayıb. Dövlət başçısı pandemiya ilə bağlı müəyyən fasilədən sonra ikincisi təşkil olunan forumun əhəmiyyətindən, Özbəkistanda qədim və zəngin tarixi olan maqom sənətinin inkişafına, mədəni irsə dövlət qayğısından, bu sahədə keçirilən beynəlxalq tədbirlərdən bəhs edib.

Mərasimdə ICESCO-nun baş direktoru Salim əl-Malik, UNESCO-nun 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku da çıxış ediblər.

Çıxışlardan sonra konsert proqramı təqdim olunub.

***

Forum çərçivəsində iyunun 28–29-da “Maqom sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

28-29 iyun tarixlərində həmçinin forum çərçivəsində maqom ifaçılığı müsabiqəsi təşkil olunacaq. Müsabiqədə ölkəmizi gənc xanəndələr Nisbət Sədrayeva və Səfalı Mirzəliyev təmsil edəcək. Onları Ruslan Zərbəliyev (tar), Pərviz Fərhadov (kamança) və Siyavuş Fərhadov (nağara) müşayiət edəcək.

Müsabiqə iştirakçılarını Azərbaycan, ABŞ, Misir, Türkiyə, Özbəkistan və Hindistandan musiqi xadimlərinin yer aldığı münsiflər heyəti qiymətləndirəcək. “Ən yaxşı maqom ansamblı”, “Ən yaxşı instrumental solo”, “Ən yaxşı vokal solo” nominasiyalarının qalibləri forumun Təşkilat komitəsi tərəfindən pul mükafatı, diplom və heykəlciklərlə təltif olunacaqlar.

***

Qeyd edək ki, müsabiqənin baş mükafatı (Qran-pri) üçün 15 000 ABŞ dolları, I yer üçün (solo ifa və ansambl nominasiyaları) 10 000 dollar, II yer üçün (solo ifa və ansambl) 7 000 dollar, III yer üzrə (solo ifaçı və ansambl) 5 000 dollar məbləğində mükafat nəzərdə tutulub.

Bundan əlavə, iştirakçıları dəstəkləmək və həvəsləndirmək məqsədilə “Ən yaxşı solist – maqom ifaçısı”, “Ən yaxşı musiqiçi – maqom ifaçısı”, “Maqom sənətində ən yaxşı müəllim”, “Ən yaxşı maqom təbliğatçısı”, “Ən yaxşı gənc maqom ifaçısı” və “Ən yaxşı maqom bəstəkarı” kimi nominasiyalar üzrə iştirakçılar üçün də hədiyyə və mükafatlar təqdim olunacaq.

Forum gedişində Özbəkistanın 14 regionunun mədəniyyət nümunələrinin yer aldığı pavilyonlarda müxtəlif səpkili sərgilər də keçiriləcək.

İyunun 30-da II Beynəlxalq Maqom Sənəti Forumunun bağlanışı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olacaq.

Xatırladaq ki, I Beynəlxalq Maqom Sənəti Forumu 2018-ci ilin 6-10 sentyabr tarixlərində Özbəkistanın Şəhrisəbz şəhərində təşkil olunmuş və ölkəmizi təmsil edən “Muğam” instrumental qrupu birinci yeri qazanmışdı.