Xəbər verdiyimiz kimi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti qurumların mütəxəssis heyəti ilə birlikdə həyata keçirilmiş tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub. Müxtəlif məzarlıqlarda naməlum şəhid kimi dəfn edilənlərin cəsədlərinin qalıqları ailələrinin razılığı və iştirakı ilə öz şəhər və rayonlarında yenidən torpağa tapşırılır.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavadov Elman Xurşud oğlunun meyitinin qalıqları Sumqayıt şəhərində torpağa tapşırılıb. O, Bakı şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi.
Dünən şəhidin evində vida mərasimi keçirilib. Vida mərasimində şəhidin ailə üzvləri, qazilər, eləcə də şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra Elman Cavadovun nəşi şəhərdəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Sumqayıt Şəhər Veteranlar Şurasının sədri, şəhid atası Sovet Şükürov Elman Cavadovun qardaşına tabuta bükülən Azərbaycan Bayrağını təqdim edib.
Qeyd edək ki, Cavadov Elman Xurşud oğlu 1992-ci ildən itkin düşmüş sayılırdı.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əsgərov Əhliman Vahid oğlunun meyitinin qalıqları Şəmkirdə dəfn edilib.
Şəhidin evində vida mərasimi keçirilib. Vida mərasimində şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra Əhliman Əsgərovun nəşi Şəmkirin Seyfəli kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Yaqubov Fəqan Misir oğlu Tərtər rayonunda dəfn edilib. Fəqan naməlum şəhid kimi Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu.
Şəhidlə vida mərasimi ailəsinin yaşadığı Tərtər rayonunun Sarıcalı kəndində keçirilib. Mərasimdə yüzlərlə kənd sakini, şəhidin ailə üzvləri, qazilər, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı yaylım atəşi açılıb.
Qeyd edək ki, Yaqubov Fəqan Misir oğlu 1973-cü ildə Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. Birinci Qarabağ müharibəsində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əbdürrəhmanov Yasin Şakir oğlunun meyitinin qalıqları Ağdaş rayonuna gətirilib. O, Bakıdakı Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
Qarağan-Şıxlar kəndində şəhidlə vida mərasimi keçirilib. Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında, atasının məzarı yanında torpağa tapşırılıb, dualar oxunub.
Əbdürrəhmanov Yasin Şakir oğlu 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
Dəfn mərasimlərində hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.