Rəssam Eldəniz Babayevin sərgisi

 

İstanbulda istedadlı azərbaycanlı rəssam Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb. İlk dəfə ötən il Bakıda nümayiş etdirilən sərgi Azərbaycan Xalq Cümhuriyyətinin 105, Türkiyə Cümhuriyyətinin və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Atatürk Mədəniyyət Mərkəzinin qalereyasında açılan sərgidə rəssamın həyat və yaradıcılığını, ictimai və maarifçilik fəaliyyətini əks etdirən “Eldəniz Babayev. Zəfər müjdəsi” kitab-kataloqun (müəllif Mirzə Talıbov) təqdimatı olub.

Tədbir Azərbaycanın İstanbuldakı Baş konsulluğu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Ankaradakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və digər qurumların birgə təşkilatçılığı ilə gerçəkləşib.

Rəssamın yaradıcılığının müxtəlif dövrlərini əks etdirən sərgidə portret, natürmort, məişət və tarixi janrlarda əl işləri, o cümlədən Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfəri, “Bir millət, iki dövlət” anlayışı üzərində möhkəmlənən Azərbaycan–Türkiyə qardaşlığını, xalqımızın adət-ənənələrini, mədəniyyətini tərənnüm edən boyakarlıq və qrafika əsərləri nümayiş olunur. Ümumilikdə 80-dək əsərin sərgiləndiyi ekspozisiyada ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də iki qardaş dövlətin ölkəmizin müstəqillik tarixində müstəsna rol oynamış hərbi komandanlarının portretləri də yer alıb.

Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Atatürk Mədəniyyət Mərkəzinin rəhbəri Zeki Eraslan, TÜRKSOY-un baş katibinin müavini Sait Yusuf, AMM-in direktoru Samir Abbasov, TBMM-də Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov və başqa çıxış edənlər  Türkiyə-Azərbaycan əlaqələrinin daima qardaşlıq telləri üzərində daha da inkişaf edəcəyini vurğulayıblar.

Sərginin mövzusuna toxunan natiqlər Azərbaycanın tarixi Zəfərinin türk tarixinin şanlı səhifələrindən biri olduğunu qeyd ediblər.

Bədii hissədə AMM nəzdindəki “Xəzər” Azərbaycan xalq rəqsləri ansamblının rəqqasları tərəfindən milli rəqslərimiz ifa edilib, müğənni Vüsalə Əsgərovanın ifasında musiqilərimiz səsləndirilib.

Sonra əsərlərə baxış keçirilib. Sərgi iyulun 5-dək nümayiş olunacaq.

Qeyd edək ki, Eldəniz Babayev 1990-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1997-ci ildə də Azərbaycan Dövlət İncəsənət Universitetinin Boyakarlıq fakültəsini bitirib. 1989–1991-ci illərdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində rəssam kimi fəaliyyət göstərib. 1989-cu ildən Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin və 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1998-2006-cı illərdə Bakı Şəhər Mədəniyyət İdarəsinin “Qala” Rəsm Qalereyasının müdiri vəzifəsində çalışıb. 2006-cı ildən “Bakı” rəsm qalereyasının müdiridir. O, ötən müddət ərzində yaradıcılıq uğurlarına görə bir çox yerli və beynəlxalq mükafatlara layiq görülüb.