Azərbaycan Milli İncəsənət Muzeyində Bakıdakı Rus Evinin təşəbbüsü ilə “Rus mədəniyyəti günü” keçirilib.

İyunun 26-da muzeyə təşrif buyuran qonaqlar ilk olaraq rus incəsənətindən ibarət zəngin kolleksiya ilə tanış olublar. Tematik ekskursiyanın sonunda onlar xoreoqraf Lenay Seyidəlizadənin ifasında rus xalq rəqsini izləyiblər.

Sonra “Rus romans axşamı” təqdim edilib.

Öncə Bakıdakı Rus Evinin direktoru İrek Zinnurov çıxış edərək muzeyin rəhbərliyinə minnətdarlığını bildirib və bu tədbirin Rusiya-Azərbaycan arasında mövcud olan mədəni əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri rus bəstəkarlarının romanslarından nümunələr ifa ediblər.

Daha sonra qonaqlar rejissor İlya Uçitelin bu il lentə aldığı “Uçan gəmi” filmini izləyiblər.

Tədbir Rus Evinin mədəni layihələr üzrə kuratoru Vəfa Qavrilovanın quruluşunda “Albalı bağı” (A.P.Çexov) tamaşası ilə yekunlaşıb. Rolları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Akademik Musiqili Teatr və “O2” teatrının aktyorları ifa ediblər.

Qeyd edək ki, tamaşa A.P.Çexovun bu məşhur əsəri qələmə almasının 120 illik yubileyinə həsr olunub.