Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyevin 1988-ci ildə rus dilində lentə aldığı “Cansıxıcı əhvalat” tammetrajlı bədii filmi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sifarişi ilə Azərbaycan dilində dublyaj olunub. Dublyajı Əməkdar artistlər Nəcibə Hüseynova və Elşən Rüstəmov səsləndiriblər.

İyunun 25-də “Cinema Plyus Azərbaycan”da filmin Azərbaycan dilində dublyajının premyerası keçirildi.

Filmin nümayişindən öncə çıxış edən tədbirin moderatoru, kinotənqidçi Sevda Sultanova keçmiş ittifaqın mərkəzi televiziyasının sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilən ekran işinin süjet xətti, mövzusu və aktyor ansamblı barədə məlumat verdi.

Bildirildi ki, Eldəniz Quliyevin “Mürşid kişi niyə susur?” hekayəsi (E.Quliyev həm də ssenari müəllifidir) əsasında ekranlaşdırılan əsər bir neçə cəhətinə görə bu mövzuda çəkilmiş filmlərimizdən fərqlənir: “Əgər digər filmlərdə motiv üzdən işlənir, təsvirlər daha çox illüstrativ xarakter daşıyır, personajların münasibəti, vəziyyətlər zəruri psixologizmlə yüklənmir və kamera passiv qalırdısa, “Cansıxıcı əhvalat”da bütün bunların əksi müşahidə olunur. Əvvəla, burada ata ailədəki bədbəxtliklərin səbəbkarı, diktator xarakterlidir. İkincisi, Cəmil Quliyevin nəql texnikasında kamera həm müşahidəçidir, həm də təsvirin dərinliklərinə, personajların düşüncələrinin alt qatına enir. Xüsusən də məkan faktorunun ön plana çıxması dramaturji çeviklik yaradır, əhvalatın mühüm, ana obrazına çevrilir. Boş, monoton, soyuq məkan təsvirləri, dumana bürünən ev, paslanmış maşın, tənha yelləncək, skamya, adamsız yerlər, fırfıra qəhrəmanların, əhvalatın ovqatını, doğmalar arasında ünsiyyət çətinliyini vizuallaşdırır.

Filmdə musiqi yox, əşyaların, küləyin, dənizin, soyuqluğun səsi var və bu, çox maraqlıdır”.

O da qeyd olundu ki, rejissor Arif Babayevin xatirəsinə həsr edilən filmin süjeti ənənəvi mövzuda olsa da, biz fərqli qəhrəmanların timsalında münasibətlərin kəskin deformasiyası və onun fəsadlarını da aydın görürük.

Belə ki, ata – ahıl Murad kişi (gürcü aktyor Giuli Çoxonelidze) arvadı (Dağıstandan dəvət olunmuş aktrisa Fatma Xizroyeva) ilə dəniz kənarında, gözdən-könüldən uzaq bir yerdə köhnə daxmada yaşayırlar. O, daim susur, ünsiyyətdən qaçır. Bu halı çoxdan müşahidə edən qonşuları Əliheydər (Dadaş Kazımov) kişinin şəhərdə yaşayan oğullarına atalarının xəstə olması barədə xəbər verir.

Oğulları çoxdandır atalarına baş çəkmirlər. Çünki hər birinin işi, ailəsi, qayğısı var. Əliheydər düşünür ki, oğullarını görmək Murada yaxşı təsir göstərəcək.

Muradın oğullarından biri Fuad (Hamlet Xanızadə) milis orqanlarında işləyir. Ortancıl oğul Rauf (Rafiq Əliyev) qeyri-qanuni yollarla pul qazanır. Kiçik oğul Elçin (Əyyub Qiyas) isə yazıçıdır.

Qonşunun sifarişindən sonra oğullar valideynlərinə baş çəkməyə gəlirlər. Qonşunun gözlədiyinin əksinə olaraq ata oğullarını görəndə heç sevinmir, dinib-danışmır.

Ata evinə toplaşan oğullar arasında, kiçik də olsa, konfliktlər, qarşılıqlı ittihamlar başlayır. Məlum olur ki, eyni şəhərdə yaşayan qardaşlar bir-birlərinin evlərini belə tanımırlar.

Fuad Raufu ona karyerasında irəliyə getməsində maneçilik törətdiyini, qardaşı olduğuna görə cinayətlərinə görə onu həbs eləyə bilmədiyini deyir. İttiham olunan Rauf isə qardaşına onun arxasında dayanmadığını, dəstək olmadığını irad tutur. Mübahisəni kənardan izləyən kiçik qardaş, yazıçı, ziyalı isə onlardan fərqlənməsi ilə öyünür. Qəzəblənən qardaşlar onu dənizin yaxınlığındakı bir daxmaya salırlar.

Axşam qəfil onu xatırlayır, xilas etməyə tələsirlər. Bu epizod vasitəsilə biz qırılmaqda olan ailə bağlarında qardaş sevgisi və beləcə, heç də hər şeyin bitmədiyini görürük.

Film boyu biz ailədəki yadlaşmada ata Muradın payını xüsusilə görürük. Qardaşların xatirəsindən bilinir ki, ata sərt rəftarı ilə oğullarına uşaqlıqlarını yaşamağa qoymayıb, öz iradəsini diktə eləyib və nəticədə belə bir münasibət formalaşıb.

Nümayişdən sonra tamaşaçıların qarşısına çıxan filmin yaradıcı heyəti – rejissor Cəmil Quliyev, ssenari müəllifi Eldəniz Quliyev, operatoru Rafiq Quliyev və filmdə rola alan Əyyub Qiyas və Əliqulu Səmədov xatirələrini bölüşdülər.

Həmidə