Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Azərbaycan ekologiyası” adlı biblioqrafik göstərici çapdan çıxıb. Kitab Ümummilli Lider Heydər Əliyevdən və Prezident İlham Əliyevdən sitatlar, ölkə rəhbərinin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamı ilə başlanır.
Bu barədə kitabxanadan məlumat verilib. Bildirilib ki, biblioqrafik göstəricidə ətraf mühit məsələləri ilə bağlı dəyərli nəşrlər - kitab və məqalələr, avtoreferatlar xronoloji qaydada, əlifba sırası ilə qruplaşdırılıb. Nəşrdə 915-i Azərbaycan, 258-i rus, 14-ü digər dillərdə olmaqla kitab, monoqrafiya, dərslik və dərs vəsaitləri, 1260-ı Azərbaycan, 156-sı rus, 6-sı digər dillərdə olmaqla, dövri mətbuatda və məcmuələrdə çap olunmuş məqalələr, 306-sı Azərbaycan, 72-si rus, 2-si digər dillərdə olmaqla dissertasiya və avtoreferatlar haqqında məlumat öz əksini tapıb.
Göstərici ekologiya və əlaqəli sahələrdə fəaliyyət göstərən elmi işçilər, doktorantlar, tələbələr və digər mütəxəssislər üçün qiymətli mənbədir.
“Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olan kitabın elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, elmi redaktoru MEK-in direktoru dosent Hüseyn Hüseynov, tərtibçisi MEK-in əməkdaşı Xuraman İsmayılovadır.