Xalq yazıçısı Elçinin pyesləri Azərbaycan dramaturgiyasına yeni mövzular, yeni bədii-estetik çalarlar, janr müxtəlifliyi qazandırıb. Qısa bir müddətdə “Elçin teatrı” estetik anlayışı yaranıb. “Elçin teatrı” Azərbaycan milli səhnəsinə müasir dünya teatr sənətinin inkişafı ilə ayaqlaşan novatorluq gətirib. Təsadüfi deyil ki, Xalq yazıçısının əsərləri yalnız respublikamızın deyil, ABŞ, İngiltərə, Rusiya, İtaliya, Cənubi Koreya, Ukrayna, Gürcüstan və başqa ölkələrin teatrlarında uğurla tamaşaya qoyulub, nəşr edilib. Elçinin dramaturgiyası qardaş Türkiyədə də nəsr əsərləri kimi geniş yayılıb. Onun pyesləri Ankara, Ərzurum, Kayseri və digər Dövlət teatrlarında, eləcə də İstanbul Böyük Bələdiyyə Teatrında tamaşaya qoyulub, müxtəlif mükafatlara layiq görülüb.
Bu günlərdə isə qardaş ölkənin “Mi Yayınları” ədibin pyeslərindən ibarət “Teleskop. Teatro oyunları” kitabını nəşr edib.
Nəşriyyat müəllifi təqdim edərək yazır: “Dünyada tanınmış yazar Elçin günümüzdə deyil, gələcəkdə də oxunacaq və əsərlərindən dərslər alınacaq bir yazardır”.
Kitaba Elçinin “Teleskop”, “Mənim sevimli dəlim”, “Şekspir” və “Cəhənnəm sakinləri” pyesləri daxil edilib. Əsərləri türkcəyə tanınmış yazıçı Orxan Araz çevirib.