Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Türkiyə Prezidentinin Milli Saraylar İdarəsi Topqapı Sarayı dairə başçısı İlhan Kocamanla görüşüb.
Görüşdə İ.Kocaman Osmanlı imperiyasının altı əsrlik tarixinin 400 ilində sultanların yaşadığı və dövlətin inzibati mərkəzi kimi istifadə edilən sarayın strukturları, memarlığı, kolleksiyaları barədə məlumat verib. Bildirib ki, 300 minə yaxın arxiv sənədi ilə dünyanın ən böyük muzey-saraylarından olan bu mədəniyyət ocağı Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 1924-cü il aprelin 3-də ölkənin ilk muzeyi olaraq fəaliyyətə başlayıb. O, Topqapı Saray-Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığa açıq olduğunu vurğulayıb.
AMM-in direktoru Samir Abbasov da bu əməkdaşlığın əhəmiyyətini diqqətə çatdıraraq Azərbaycanda muzey sahəsində həyata keçirilən işlər, ölkənin aparıcı muzeyləri haqqında məlumat verib.
O, Topqapı Saray-Muzeyində Azərbaycan tarixi üçün də əhəmiyyətli eksponatların yer aldığını və gələcəkdə birgə layihələr əsasında bu əsərlərin ölkəmizdə nümayiş etdirilməsi, eləcə də Azərbaycan mədəniyyətinə dair sərgilərin Topqapının qalereya və salonlarında sərgilənməsinə dair təkliflər irəli sürüb.
Azərbaycan muzeyləri ilə qarşılıqlı əməkdaşlıq, Topqapı sarayının kitabxanasında saxlanılan Azərbaycana dair əlyazmaların tədqiqata cəlb olunması, Saraylar İdarəsinin ixtisas kitabxanasına Azərbaycana dair nəşrlərin hədiyyə olunması, bu tarixi məkanda Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Samir Abbasov İstanbuldakı muzey sahəsində qabaqcıl təcrübə olan Rəqəmsal Təcrübə Muzeyi (Dijital Deneyim Müzesi) ilə də tanış olub. Burada ziyarətçilər üçün yaradılan imkanlar, müxtəlif guşələr, rəqəmsal otaqlar, dəhlizlər, məlumat sensorlarına baxış keçirib. Muzey rəhbərliyi ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, İstanbul Rəqəmsal Təcrübə Muzeyində yenilikçi addımları və müasir yanaşmaları sayəsində ənənəvi muzeyşünaslıq anlayışını texnologiyanın imkanları ilə birləşdirərək mədəniyyət və incəsənətin universal dili yaradılıb. 3D və 4D təcrübələri ilə muzey hər ziyarətdə yeni hekayə və macəra təqdim edir. Muzey hər yaşdan və hər təbəqədən olan ziyarətçilərə sənət və texnologiyanın sehrli dünyasını kəşf etməyə və yaradıcılıqlarını üzə çıxarmağa imkan verir.