Rəssamlar rəngləri mənalandıran sənət sahibləridir. Onlar rənglərin dili ilə tamaşaçılarla danışır, bir də rəsm əsərinə tamaşa edəndə rənglər haqqında düşünürük...

“Mədəniyyətə könül verənlər” rubrikasının budəfəki qonağı rəssam Nəcməddin Hüseynovdur. Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Müasir İncəsənət Akademiyasının fəxri üzvü olan sənətkar 1955-ci il iyunun 12-də Qazax rayonunun Çaylı kəndində anadan olub.

Sənətin ilk pillələrinə hələ kənd orta məktəbinin üçüncü sinfində oxuyarkən qədəm qoyub: “Məktubə adlı müəllimimiz bizə ev tapşırığı vermişdi. Tapşırığı yazan vaxt dərsliyin səhifəsində Xürrəmilər hərəkatının rəhbəri Babəkin şəkli vardı. Onun rəsmini çəkməyə başladım. Rəsm gözlədiyimdən də yaxşı alındı. Məktəbin yuxarı siniflərində oxuyan zaman görkəmli alimimiz Xudu Məmmədov şagirdlərlə görüşə gəlmişdi. Görüş zamanı çəkdiyim rəsmlərlə tanış oldu. Təxəyyülümü və qabiliyyətimi çox bəyənən Xudu rəssamlıq məktəbində oxumağımı məsləhət gördü. Hətta mənə söylədi ki, istəsən, sənin yol biletini də mən alaram, yetər ki, gəlib rəssamlıq məktəbində oxuyasan. X sinfi bitirdikdən sonra Xudu müəllim istirahətdə olduğundan məni rəssamlıq məktəbinə aparmağı Xalq şairimiz Bəxtiyar Vahabzadədən xahiş etdi”.

Beləliklə, Nəcməddin Hüseynov 1977-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə (indiki ADRA-nın nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci) daxil olur. Burada tanınmış fırça ustaları – Xalq rəssamı Sirus Mirzəzadə, eləcə də Elxan Tahirov və Rüfət Əsədullayevdən sənətin sirlərini öyrənir, 1981-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Bir müddət Bədii Fondda tərtibatçı-rəssam kimi çalışan Nəcməddin Hüseynov daha sonra doğma kəndinə qayıdaraq öz sənətini burada davam etdirir, müxtəlif sərgilərdə iştirak edir. 2006-cı ildə rəssamın “Üçüncülər” adlı rəsm kataloqu işıq üzü görür.  Qazax və Ağstafa rayonlarında fərdi sərgiləri keçirilir. Əsərləri şəxsi kolleksiyalarda, bir sıra muzey və qalereyalarda nümayiş olunur.

Prezident İlham Əliyev 2008-ci ildə Qazax Dövlət Rəsm Qalereyası binasının açılışında iştirak edərkən rəssamın burada nümayiş etdirilən əl işləri ilə də tanış olur, dövlət başçısı onun yaradıcılığını yüksək qiymətləndirir.

2018-ci ildə paytaxtdakı “NUR Art House” qalereyasında rəssamın növbəti fərdi sərgisi təşkil edilir. Rəngkarlıq və qrafika əsərləri maraqla qarşılanır.

Hər bir rəssamın yaradıcılığını fərqləndirən onun fərdi üslubu və texnikasıdır. Nəcməddin Hüseynovun da yaradıcılığı mövzu və janr baxımından rəngarəngdir. Müəllifin “Qaçqınlar”, “Hücumdan sonra”, “Xocalı faciəsi”, “Həlledici an”, “Müharibəli Novruz”, “Mustafa kişi”, “Mənim babam”, “Külək”, “Göyəzən”, “Sevinc”, “İblis”, “Bir dünya” və s. əsərləri mövzu və sənətkarlıq baxımından xüsusilə diqqəti cəlb edir. Bu əsərlərin hər birində rəssam öz düşüncə və duyğularını yüksək peşəkarlıqla əks etdirməyə nail olub.

Rəssamın “Mənim babam” əsəri Rusiyada Beynəlxalq Müasir İncəsənət Akademiyası və Rusiya Peşəkar Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Art excellence awards – 2020” müsabiqəsində qızıl medala layiq görülüb.

Müsahibimiz dünya rəssamlarından Klod Mone, Rembrandt, Pablo Pikasso, ölkəmizdən isə Sakit Məmmədovun əsərlərinin ruhuna daha yaxın olduğunu bildirir.

Yaşın rəqəmlərdən ibarət olduğunu söyləyən fırça ustası yaradıcılığa hər gün zaman ayırmağa çalışır: “69 yaşım var. Hər gün rəsm çəkməyə çalışıram. Hər günün sonunda nə çəkmişəm və necə çəkmişəm deyə özümə hesabat verirəm”.

Nurəddin