Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi nəzdində əcnəbilər üçün Azərbaycan dili kursunda tədris ilinə yekun vurulub.
Bununla əlaqədar kursun tələbələri üçün Azərbaycan film axşamı təşkil olunub. Tədbirdə tələbələrlə yanaşı, Avstriyada yaşayan soydaşlarımız da iştirak ediblər.
Əcnəbilər üçün Azərbaycan dili kurslarının rəhbəri Yaqut Abdalla tədris ilinə yekun vuraraq il ərzində keçirilən dərslər, Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixi barədə təqdimatlar barədə danışıb. Qeyd edilib ki, tələblərin arzusu əsasında film axşamı üçün Azərbaycan kinematoqrafiyasının ən dəyərli nümunələrindən olan “Uşaqlığın son gecəsi” bədii filmi (1968, rejissor Arif Babayev) seçilib.
Y.Abdalla bədii filmin mahiyyəti və mövzusu, çəkiliş heyəti, baş və epizodik rollarda çəkilmiş tanınmış aktyorlar və digər maraqlı məqamlar barədə danışıb.
Nümayişdən sonra tədbir iştirakçıları filmdə günümüzlə səsləşən mövzular barədə fikir mübadiləsi aparıblar.