İspaniyada kütləvi turizmdən narazılıq getdikcə daha geniş vüsət alır. Yerli mətbuatın məlumatına görə, ötən şənbə (29 iyun) Əndəlüsün cənubunda, Malaqa şəhərində minlərlə sakin öz qəzəbini ifadə etmək üçün küçələrə axışıb. Onlar mənzil çatışmazlığından daha çox narahatdırlar.
“İnsanlar əllərində “Bu, turizm deyil, işğaldır!”, “Malaqa yaşamaq üçündür, həyatda qalmaq üçün deyil?” sözləri yazılmış lövhələr gəzdirib və turistlərin yerləşdirilməsinin qadağan edilməsinə çağırıblar”, – deyə “El País” qəzeti bu barədə yazır.
Nümayişçilər şəhərin əyləncə parkına çevrilməsi və turistlər üçün nəzərdə tutulmayan yaşayış sahəsinin azlığı ilə bağlı yaranmış vəziyyətdən şikayət ediblər. İspanlar qeyd edirlər ki, ilk növbədə, sakinlər üçün mənzil problemini həll etmək lazımdır.
Çoxsaylı kruiz gəmilərinin yanaşdığı Əndəlüs liman şəhəri Kadisdə yüzlərlə insan şəhərin tarixi mərkəzinə toplaşaraq “Şəhəri satmağı dayandırın!” şüarları səsləndirib.
Son bir neçə həftə ərzində İspaniyanın bir sıra yerlərində, o cümlədən Barselonada, Mayorka və Kanar adalarında kütləvi turist axınına qarşı böyük etirazlar olub. Məşhur tətil məkanlarının sakinlərinin şikayətləri arasında gərginləşən əmlak bazarı, bir çox sakini şəhər mərkəzlərini tərk etməyə məcbur edən kirayə haqlarının artması, səs-küy və çirklənmə də var.
Rəsmi statistikaya görə, İspaniya keçən il 85 milyon xarici turist qəbul etməklə Avropada birinci ölkə olub.
İspaniyanın xüsusilə adalarında kütləvi turizmə etiraz burada istirahətə üstünlük verən Avropa ölkələrində də rezonans doğurub. “Mayorkanı turistlər “zəbt etdiyi” üçün yerli əhali səyyar evlərdə gecələyir. Qəzəb getdikcə artır və almanların sevimli tətil adasında iqtisadiyyat və həyat keyfiyyəti arasındakı əlaqədə yeni balans lazımdır”, – deyə Almaniyanın nüfuzlu nəşrlərindən “Frankfurter Allgemeine Zeitung” problemin ciddiliyini etiraf edərək yazır.
V.Kamal