Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda “Fərqli dünyalar” adlı qrup sərgisi açılıb.

Sərgi Mədəniyyət Nazirliyi, ARİ və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, “Ülvi Art” studiyasının təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində Xalq rəssamları – ARİ-nın katibi Ağaəli İbrahimov və Aydın Rəcəbov gənc rəssamların əsərləri ilə bağlı düşüncələrini bölüşüblər.

Bildirilib ki, rəsmlərin məna və məzmunu müasir Azərbaycan gəncliyinin sənətə bağlılığından xəbər verir. Sərginin əsas məqsədi müasir rəngkarlığımızı zənginləşdirən, rəngarəng əsərləri ilə diqqətləri cəlb edən rəssamlarımızı önə çıxarmaq və onları geniş ictimaiyyətə tanıtmaqdan ibarətdir. Burada rəssamların nümayiş olunan müxtəlif üslublu əsərləri onların fərqli dünyalara məxsus olduqlarını aydın şəkildə əks etdirir.

Sərginin kuratoru, sənətşünas Xanım Rzayeva iştirakçılara təşəkkür edib. Qeyd olunub ki, nümayiş olunan işlər sənətsevərləri möcüzəvi sənət aləminə səyahətə dəvət edir. Ekspozisiyada “Ülvi Art” studiyasının 24 tələbəsinin ümumilikdə 48 əsəri yer alıb.

İştirakçılara diplomlar təqdim edildikdən sonra qonaqlar sərgi ilə tanış olublar.

“Fərqli dünyalar” qrup sərgisi bir ay davam edəcək.

Lalə Azəri